Yusif Səmədoğlunun Anarın “Adamın adamı” kitabına ön sözü Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

YUSİF SƏMƏDOĞLU, “ANARIN “ADAMIN ADAMI” KİTABINA ÖN SÖZ”

 

Yazıçının kitabı ilə hər tanışlıq – hansı mərhələdə olursa-olsun – sevincdir, bəlkə də səadətdir. O yazıçı ki illər boyu öz yaradıcılığının orijinal dünyası ilə sənin dünyana hakim kəsilir, onun hər sətrini sevə-sevə oxuyursan, düşünürsən və anlayırsan onu – o yazıçının kitabına giriş sözü yazmaq da o qədər asan deyil. Ona görə ki, belə yazıçılar artıq sənin şəxsi meyarının çərçivəsini yarmış olurlar, ümumi ictimai meyar kəsb edirlər, yalnız beş-on ədəbiyyatçının sevdiyi qələm sahibi kimi qalmırlar, minlərlə oxucunun ürəyini, qəlbini ovsunlayırlar. Anar belə yazıçılardandır.

Əgər səhv etmirəmsə, “Asqılıqda işləyən qadının söhbəti” Anarın ilk mətbu əsərlərindəndir. Zənnimcə, bu kiçik yazı emosional təsiri və yalnız Anara xas olan qəribə üslubi xüsusiyyətləri ilə son illərdə Azərbaycan nəsrində yaranmış ən gözəl hekayələrdən biridir.

Məhz bu hekayə sonralar yazılacaq və çoxlarımızın müasir nəsr haqqında təsəvvürlərini yaxşı mənada alt-üst edəcək bir sıra gözəl povest və hekayələrin meydana çıxması üçün zəmin olmuşdur. Bəzən bir cümlə ilə xarakter yaratmaq, kiçiçik bir abzasla güclü emosional təsir oyatmaq, ənənəvi yazı manerasının yeknəsəq axarını cəsarətlə pozub yeni güclü bənzətmələrə, metaforalara, üslub və kompozisiya elementlərinə geniş yer vermək bacarığı bu zəmindən başlayıb, yazıçının sonrakı illərdə yaratdığı əsərlərində daha da möhkəmlənmişdir. Əlbəttə, bütün bu və digər professional komponentlər əgər üzvi surətdə böyük həyatiliklə birləşib vəhdət yaratmasaydı, biz əsl sənətkarlıqdan çox hələ də davam edən sənətkarlıq axtarışlarından danışmalı olardıq. Lakin bu, belə olmadı. Anarın, Anar yaradıcılığının həyatiliyi, realizmi, əgər təbiri-caizsə, bugünlülüyü bizə əsl ədəbiyyat haqqında danışmağa tam haqq verir. Bu həmin o ədəbiyyatdır ki, özülü böyük sələflərimizin yaradıcılığı ilə başlayıb, bugünün istedadları tərəfindən davam etdirilir və bütün başqa böyük məziyyətləri ilə bərabər bizə yaxşını yamandan ayırd etməyə kömək edir.

Həyatı biganəliklə seyr edib gördüklərini hansısa məntiqin gücü ilə – bu məntiqin nə mənası, nə də məqsədi mənə hələ də aydın deyil – kağıza köçürmək, həyatı “çeşidləmə” yolu ilə yalnız tərənnüm etmək, böyük fikirlərdən, güclü konfliktlərdən qaçmaq meyilləri həmişə bu ədəbiyyata zidd olmuşdur. Həyatı görüb müşahidə etmək bacarığı azdır, bəlkə də heç nədir! Həyatı duymaq, həyatı dərk etmək, dayazda yox, dərində üzmək, asfaltda yox, çala-çuxurda addımlamaq, sevindiyin qədər qüssələnməyi bacarmaq, insanlara yüksəklikdən peyğəmbərlik edib hazır reseptlər verməkdənsə, mənən, bütün varlığınla insanların taleyinə qovuşmaq, yaxşıya yaxşı, pisə pis demək – bu, ədəbiyyatın ölməzliyi, həyatiliyidir.

İstər “Keçən ilin son gecəsi”ndə – həzin və qüssəli mahnı təsiri bağışlayan hekayədə və eyni adlı pyesdə, istər “Dantenin yubileyi”ndə – unudulmuş, həyatda uğursuzluğa uğramış adi bir adamın taleyi şərəfinə yazılmış bu rekviyemdə, istərsə də “Yaxşı padşahın nağılı”nda – totalitar quruluşun bu gün dünyanın bir çox ölkələrində törətdiyi müsibətlərdən bəhs edən bu alleqorik siyasi pamfletdə Anarın həyatı necə duyduğunun, neçə dərk etdiyinin şahidi oluruq. “Dədə Qorqud”dakı yüksək vətənpərvərlik hissi mücərrəd xarakter daşımır, bugünkü sovet yazıçısının yüksək vətəndaşlıq amalları ilə səsləşir, “Adamın adamı”, “Qaravəlli” və “Qəm pəncərəsi”ndəki satirik yönlü yazıçı təxəyyülü böyük Cəlil Məmmədquluzadəni imitasiya deyildir, mollanəsrəddinçilərin ayıq, kəsərli və ağıllı mübarizəsinin təbii davamıdır.

Anar bir yazıçı, esseist və kino xadimi kimi öz yaradıcılığında müasir sənətin bir çox xüsusiyyətlərini birləşdirə bilmişdir, bu birləşmə, bu sintez elektrik xarakterli deyil, bütövdür, məqsədəuyğundur. Çünki bu gün əsl yazıçının bədii arsenalı məhdud çərçivəyə sığışa bilmir. Belə bir çərçivədə XX əsrin, zəmanəmizin informasiya axını boşluğa – alimlərimizin təbirincə desək, – vakuuma düşə bilər. Vakuumda isə əks rabitə yarana bilməz. Sənət və sənətkar üçün vakuum – mənəvi boşluq, əbədi süstlük deməkdir.

Məhz buna görə də bu gün biz ədəbiyyatdan danışanda, müasir Azərbaycan nəsrinin son illərdə keyfiyyətcə yeni bir mərhələyə qalxdığını iqrar edəndə – yeni fikirli, yeni məzmunlu, yüksək realistik mövqeli, genişmiqyaslı sənətdən danışmalı oluruq.

Bu sənətin ön sıralarında Anar öz səsi və öz nəfəsi ilə ən uğurlu addımlarla gedir.

1977

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.