Ənvər Məmmədxanlının xatirələrindən Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ƏNVƏR MƏMMƏDXANLININ XATİRƏLƏRİNDƏN

(Yazıya alan Anar)

 

Həyat ülgüsü içində darıxmaq Ənvərin bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyi ilə çırpınırlar. Gəncliyində yazdığı “Karvan dayandı” hekayəsində də, qocalığında tamamlamaq istədiyi “Babək” romanında da... “Babək” romanının böyük hissəsini uzaq karvan yolunun təsviri tutur. “Əfsanəvi dağlar” hekayəsinin qəhrəmanı da adiliklər mühitindən əfsanələr aləminə qaçır, uzaq və uca dağ zirvələrində bəlalı məhəbbətini tapır və itirir. “Ay işığında” hekayəsində qoca aşıq sənətinin ecazıyla gəncliyini, cavanlıq ehtiraslarını, həvəslərini, hisslərini qaytarmaq istəyir və bu cəhdin mümkünsüzlüyündən üzülür... Və nəhayət, “Ayrıldılar”da bu insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı üsyan iki sevgilinin qəribə, ilk növbədə izahsız və məntiqsiz görünən ayrılmalarıyla nəticələnir. Vaxtilə Səməd Vurğun bu hekayəni bəyənməmişdi, qəbul eləməmişdi və hətta “Axı niyə ayrıldılar?” adlı bir məqalə də yazmışdı. Amma onu deyim ki, Səməd Vurğun ümumiyyətlə Ənvərin şəxsiyyətini də, yaradıcılığını da sevirdi. “Şərqin səhəri” haqqında ayrıca bir məqalə də yazıb əsəri yüksək qiymətləndirmişdi. Ənvərə ərkyana bir zarafatla “Peçorin” deyərdi və məncə, hər ikisinin xasiyyətlərində, xüsusilə cavanlıq çağlarında oxşar cəhətlər çox idi. Gəncliklərində hər ikisi xəyalpərvər, romantik idilər. Birlikdə səfərlərdə, Moskvada, çox-çox məclislərdə olmuşdular. Ənvərin Səməd haqqında canlı detallarla zəngin olan xatirələri vardı, heyif ki, özü yazmadı. Mənim yadımda qalanları burda gətirirəm. Bu xatirələrin məzəli məqamları da var. Və qəribədir ki, bu məzəli xatirələrdə Mir Cəfər Bağırovun kabus kimi vahiməli surəti də yumor işığında görünür. “Bir dəfə Bağırov Mehdiylə məni çağırmışdı, Səməd də o vaxt Yazıçılar İttifaqının sədri idi, biz bir az gecikmişdik, Mərkəzi Komitənin qarşısında Səməd əsəbi var-gəl edir, papiros çəkirdi, bizi görən kimi üstümüzə düşdü: “Mənim kimi aslan, – dedi, – bura gələndə dizlərim titrəyir, siz hələ gecikirsiz də”... Bağırov bizi Moskvaya oxumağa göndərmək istəyirdi, biz imtina edəndə: “Əlbəttə, Bakıda bulvar qalır, “İnturist” qalır, gəzib-dolanmaq qalır, Moskvaya gedib oxumağı neyləyirsiz?” – dedi.

Bir dəfə yenə köhnə “İnturist”də idik, Səməd, Rahim, mən... “İnturist”in ovaxtkı məşhur metrdoteli İvan İvanoviç bizə yaxşı stol düzəltmişdi, yeyib-içdik. O vaxtlar da yazıçılar “İnturist”ə gedən kimi Bağırova xəbər verərdilər. Nə məsələyçünsə yenə yanındaydıq, birdən düşdü üstümüzə ki, bəli, gününüzü restoranlarda keçirirsiniz, içirsiniz, filan, bax, bu günlərdə yenə Səməd Vurğun, Rəsul Rza, Ənvər Məmmədxanlı “İnturist”də kef edirlərmiş. Rəsul isə orda yox idi, nə o gün bizimlə “İnturist”ə getmişdi, nə də indi Bağırovun yanında yox idi. “İnturist”də də bizimlə Rahim idi, burda da vardı, amma Bağırov onun adını çəkmirdi, Rahim də üstünü vurmurdu. Gördüm bu dinmir, dedim: “Yoldaş Bağırov, Rəsul Rza orda yox idi!” “Bəs kim vardı?” Dedim: “Məmməd Rahim”. Rahim dərhal sıçradı: “Yoldaş Bağırov, içmişdim, amma lülüşqə deyildim”. “Sadis, durak”, – deyə Bağırov onun üstünə çəmkirdi. Gülüşdük və vəziyyət bir az yumşaldı, sonra cəsarətə gəlib: “Axı rus yazıçıları lap betər içir, – dedik. – Şoloxov, Fadeyev". Bağırov çox məntiqli cavab verdi: “Onların dədə-babaları da içib, sizə nə düşüb?”

Ənvərin Səməd Vurğunla və Bağırovla bağlı başqa bir xatirəsi daha dramatik idi...

40-cı illərdə bir şayiə buraxmışdılar (güman ki, bunu qəsdən, provakasiya üçün ediblər) ki, “Cavid sağdır, qayıdır və Cavidin köhnə dostu Abdulla Şaiq vağzala, onu qarşılamağa gedib”. Ənvər deyirdi ki, bu xəbəri Səməd mənə deyəndə yanımızda üçüncü bir adam da vardı və mən ondan şübhələnirdim ki, bu adam yoncadır. [1]. Səməd bu sözü təzə başlamışdı, stolun altında onun ayağını vurdum ki, danışmasın. Səmədin də bütün həyat təcrübəsiylə, zəkasıyla bərabər bir az sadəlövhlüyü də vardı, qayıtdı mənə ki, “ayə, nə olub, ayağımı niyə vurursan?” Bildim ki, xəbəri Bağırova çatdıracaqlar. Doğrudan da, bir müddət sonra Bağırov Şaiqin bu hərəkətinə görə Səmədi də bərk məzəmmət eləmişdi: “O qocaya nə düşüb vağzala gedir (yəni Şaiqə – A.), – demişdi, – yaxşı, tutalım lap Cavid gəlir, hardan gəlir? Həcdən, Məkkədən gəlir?”

Kamal Abdullayevlə apardığı son söhbətində də Ənvər o günləri xatırlayır: “Bağırov onu (Faruqu – A.) tutdurmadı, halbuki tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37-ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarının doldurulması və 39-cu ildə repressiyalar kampaniyasının bütün ölkədə dayandırılması idi – A.). Amma başladı ki, yox, səni öyrədiblər. Yazıçılar İttifaqında öyrədiblər. Elə sənə Rəsul Rzanın qohumluğu da çatır. Bütün Yazıçılar İttifaqını darmadağın elədi. Bir-bir adamları çağırdı. O vaxt mən o adamların içində, düzdü, olmamışam. Səməd Vurğunu, Rəsul Rzanı, başqalarını, hamısını... İçəri girən kimi soruşarmış ki: “Kakoy on poet?” (Yəni Faruq – A.). Məsələn, Səməd nə bilsin ki, hadisədən xəbəri yoxdu. Deyib ki, “tovariş Baqirov, rastuşiy, xoroşiy poet”.A... rastuşiy, xoroşiy poet??! Otur!”

Bağırovun qəribə bir xüsusiyyəti vardı, bu, Rəsulun da başına gəlib. O dövrün az-çox tanınmış ziyalısı Mərkəzi Komitədən ən yüksək vəzifəli bir məmurla toqquşa bilərdi və bu toqquşma Bağırova çatanda heç kəs yüz faiz əmin və arxayın ola bilməzdi ki, məsələ kimin xeyrinə həll olunacaq. Elə hallar olurdu ki, Bağırov bu konfliktdə, məsələn, Səmədin, ya Rəsulun tərəfini saxlayır, onlardan çuğulçuluq edən məmurları yerində otuzdururdu. Əlbəttə, əks hal da olurdu, çox olurdu.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 



[1]Bizim ailədə NKVD agentlərinə hər yerdə bitən “yonca” adı qoymuşdular.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.