Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Vətən sevgisinin yükünü çəkən könül, zamanla bu yükü poetik sözə çevirirsə, bu, artıq, estetik mətn olmağın yanında, bir ulusun duyğu atlasına dönür. Qoşalı der, Şuşalı professor-doktor Elçin İskəndərzadənin “Mənim Şuşa Dastanım” adlı şeirlər kitabı da məhz bu məzmun və mahiyyətdədir. Bu kitab fərdi yaddaş ilə ulusal yaddaşın kəsişdiyi - daha doğrusu, qovuşduğu nöqtədə səslənən nisgilli bir ağı, vurğulu bir nəğmə, dirəniş yüklü dastan kimi oxunmalıdır.
İctimaiyyətin daha çox şair və ictimai xadim kimi tanıdığı Elçin İskəndərzadə, bundan öncə (yaxud eyni zamanda) vətənin gözəlliklərini – belə demək mümkünsə – mühəndis təfəkkürü ilə qavrayıb, dəyərləndirib; yurdu əlindən alındıqdan sonra isə onu sözlərlə yenidən inşa etməyə çalışan bir ruhi güc memarı kimi çıxış edib. -
“Ölsəm, Şuşa torpağını,
Tökün gözümə, gözümə”… -
Mən onun bu poetik vəsiyyətini 2006-cı ildə Əskişəhir Kültür Evində - Yunus Əmrə Şeir-Sənət Həftəsinin açılışındakı çıxışında canlı dinləmişəm.
1964-cü ildə Şuşada doğulan Prof.Dr. İskəndərzadənin poeziyasında “ana yurd” bir məkan olmağın yanında, zamanın içindən keçən mənəvi bir ocaqdır. “Mənim Şuşa dastanım” adlı kitab da bu mənanın poetik biçimdə toxunmuş halı və xalısıdır.
Əsər klassik poeziya toplusu formasında deyil, içsəl bir gəzi və tarixi yaddaş gündəliyi kimi qurulub. Ayrılıqla başlanan bu dastan özləmlə böyüyür, Zəfərlə yuyulur, həyəcanlı qovuşma ilə tamamlanır. Beş bölmədən ibarət olan bu əsərin hər bir səhifəsində həm tarixi, həm də duyğusal izlər görünməkdədir.
Bu görünüş, ayrılığın əlifbası, şəhidliyin qutsallığı, qaziliyin qüruru ilə yeni məzmun qatları qazanır.
Təsadüfi deyil ki, kitabın birinci bölmə “Ayrılıq əlifbası” adlanır. Burada şairin Şuşadan zorla ayrılma faciəsini lirik ağı formasında necə poetik hala gətirdiyinə tanıq oluruq. Bu parçalar elə təsirlidir, elə təsirlidir!.. - Təsəvvür edin: insan yalnız şəhərindən deyil, uşaqlığından, dostlarından, gələcəyindən də ayrılır. Bir yerdə şair belə səslənir:
“Bir yola çıxdıq,
Bir yola çıxırdıq,
Bir uzun yola…
Bilmirdik bu yollar bizi hara aparır…”
Bu misralardakı “yol” yalnız fiziki deyil, varlıqla bağlı bir ulu xəttdir. Ustadlar ustadı Aşıq Veysəl necə deyirdi? –
“Uzun, incə bir yoldayım,
Yürüyorum gündüz-gecə.
Bilmiyorum, nə haldayım,
Yürüyorum gündüz-gecə,
gündüz-gecə”…
Bəli, “Mənim Şuşa Dastanım”dakı Şuşa coğrafi ünvan olmaqla yanaşı, insan kimliyinin xəritəsində önəmli bir mayak rolundadır. Elə bir kimlik xəritəsi ki, Şuşa küləyinin səsi və Xarıbülbülün qoxusu onun hər tərəfində duyulur.
İkinci və üçüncü bölmələrdə yer alan “Zəfərli şeirlər” və “Özləmli şeirlər” kitabın ritmini dəyişir. Artıq “gözlənti” yerini “qayıdış”a verir; lakin qayıdış da öz içində bir sevda ağrısı daşıyır. Xarıbülbül sadəcə bir çiçək olmaq taleyini çoxdan ötüb keçib axı… o lap çoxdan itirilmiş zamanın və susmuş səslərin simvoludur...
“”Vətən bağı" al-əlvandır,
Yox içində xarı bülbül.
Bu nə əzablı dövrandır,
Köksün altı, sarı bülbül?
…Bülbül səni kim uçurtdu,
Kim daldan dala qaçırtdı,
Kim sənə badə içirtdi,
Kimlər oldu sarı, bülbül?!”
- Ağabəyim ağa Cavanşir XIX yüzil önclərində, Arazın o tayında, səhərin gülşən çağında belə çağırıb…
Eh!… qərinələr sonra - 1992-ci il mayın 8-dən etibarən Şuşa da, Xarıbülbül də, oralarla bağlı hər şey, hər şey yenidən qaranlığa qərq oldu. Yenə, harda bir bülbül oxusa, ağıl aparır, dinləyənə yağı olurdu…-Sanki qadınlı-kişili hamı bayatı deyir, şərqi söyləyir, türkü çağırırdı:
“Bülbül, geyibsən al yaşıl,
Qolların boynumdan aşır.
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım, barı, bülbül”!..
Beləliklə, Şuşada doğulmuş, uzun illər əli, ürəyi Şuşaya uzanıqlı qalmış Elçin İskəndərzadənin yeni kitabında Xarıbülbül – küləklərlə danışan, daşlarla susan, dağlarla ağlayan bir dildir. Ancaq bu, nə küləkdə, nə dağda-daşda, nə də danışmaqda, sükutda və gözyaşında qalmayıb əvəl-Allah! Şair-professor Zəfər qazanmış ölkənin qürurlu vətəndaşıdır və bu vətəndaşlığın şərəf-şanı da, məsuliyyəti də “Mənim Şuşa dastanım”da öz yerini - daha doğrusu, öz göyüzünü alıb!
Burada, həmçinin dastanvari lirizmdən söz aça bilərik.
Elçin İskəndərzadənin dili nə tamamilə xalq şeirinin sadəliyinə, nə də divan poeziyasının ağır təmtərağına söykənir. Sanki o, öz poetik dilini yaradıb: texnika ilə yoğrulmuş hisslər, elmi düşüncə ilə işlənmiş metaforlar… Onun poeziyası bir uşağın saflığı ilə bir babanın hikmətini vəhdətdə yaşadır. Bəzi misralar çağdaş türk poeziyası ilə səsləşdiyi halda, bəziləri klassik aşıq poeziyasının orbitində dolaşır:
“Bu ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm,
evimiz Şuşadadır”.
Bu - sanki sadə, lakin dərin misralar bir millətin taleyini ifadə edir. Çünki burada “ev” deyilən fiziki məkanlıqdan ötə - ulusun ruhudur. “Təkcə onun yox, hamımızın evi Şuşadadır və poeziyamız da bu azad Şuşaya doğru uçur” (Vaqif Yusifli).
Tarixə vurğu, gələcəyə məktub mahiyyətində olan bu kitab, yalnız ədəbiyyatsevərlər üçün deyil, tarixçilər, mədəniyyət araşdırmaçıları və siyasətçilər üçün də önəmli çağırışlar daşıyır. Çünki bu şeirlər ulusumuzun 30 il sürən işğal dönəmində yaşatdığı yaddaşı, ümidi və dirənişi “sənədləşdirir”...
Əlbəttə, hər birimizin içində bir Şuşa vardı, var və var olacaq!
Bu gün Şuşa Azərbaycan üçün olduğu kimi, bütün Türk dünyası, ondan o yana İslam dünyası üçün mənəvi məqam, dirçəliş simvoluna çevrilib.
Elçin İskəndərzadənin bu kitabı Şuşanın yalnız maddi yox, mənəvi qurtuluşunun da poetik ifadəsidir. Kitab Xarıbülbül qədər zərif, Şuşa qalası qədər qürurludur.
Uzun sözün qısası,
“Mənim Şuşa dastanım”ı əlində tutan oxucu bir ulusun ürək döyüntülərini hiss edə bilər...
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)