Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VİDA
Yuxuda dünyayla vidalaşırdım,
Dünya gözəl idi, ayrılmaq çətin.
Deyirlər, yaxşıdır qocalıb ölmək,
Belədir qanunu kor təbiətin.
Dünyadan ayrılmaq çətindir, gülüm,
Tez də gəlsə, gec də aparsa ölüm.
Həyatın günləri keçsə də acı,
Ölümdən istəmir insan əlacı...
Yaşamaq – namuslu bir insan kimi
İnsana şərəfdir, böyük nemətdir.
Ömrün uzunluğu bəs deyil, ömrün
Mənalı keçməsi bir səadətdir.
Ömrü kitab kimi vərəqləyəndə
Nə qədər boş günün, ziyanın olmuş.
Nə qədər yaşayıb-yaratmısansa
Bu ana torpağın, dünyanın olmuş.
Boş keçən günlərin ağ vərəqlərdir,
Yazmamısan ora bir sətir belə.
Çalışaq, dolduraq günlərimizi
Həyatın işıqlı nəğmələriylə.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)