8 iyul 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” – Yay Festivalı çərçivəsində “Sevimli nağıllar ilə sehrli dünyaya qapı açaq” adlı nağıl saatı təşkil olunub.
OXU – “Kitabların sehrli dünyasına səyahət et!” devizi altında keçirilən nağıl saatının qonağı tanınmış uşaq yazıçısı və publisist Gülzar İbrahimova olub. Ədəbi görüşdə Binəqədi rayonu 83 nömrəli məktəb-liseyin III sinif şagirdləri və digər azyaşlı oxucular iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirin ilk mərhələsində kitabxana əməkdaşı şagirdlərə Gülzar İbrahimovanın həyatı, yaradıcılığı və uşaq ədəbiyyatındakı rolu haqqında məlumat verib. Daha sonra yazıçı əsərlərindən bir neçə epizod səsləndirərək, uşaqlarla birlikdə nağıl mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Müəllif “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı” və digər əsərləri barədə danışıb. Şagirdlər isə sevdikləri nağıllardan müxtəlif parçalar səsləndirib, müəllifə maraqlı suallar ünvanlayıblar.
Tədbirin yaradıcı hissəsində şagirdlər müəllifin əsərlərindəki personajlara dair çəkdikləri rəsmləri təqdim edib, pianoda musiqi ifaları ilə çıxış ediblər.
Qeyd edək ki, nağıl saatının təşkil edilməsində əsas məqsəd uşaqlarda mütaliəyə olan marağı artırmaq, onların təsəvvür dünyasını zənginləşdirmək və yaradıcılıq bacarıqlarını təkmilləşdirməkdir.
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)