Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
MƏTBƏX ŞEİRLƏRİ
Qadın olmasaydım əgər,
Qazanların, qabların,
Nimçələrin, çömçələrin
Aləmindən qaçardım,
Səhəri dəniz qırağında
qayaların üstündə açardım...
Ciyərlərim dolusu
Nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərin gözə görünməyən
səfasıyla.
Sinəmi açardım
Səhər rüzgarına...
Həzin-həzin
Gilə-gilə
Nəğmələr qoşardım
Abşeron bağlarına...
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.
Şeiri gözələ yazarlar,
Baharda yaz çiçəklərinə,
Payızda xəzələ yazarlar...
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn-camala yazarlar...
Qazandan qalxan buxar,
Dızıldayan samovar
Nədən şeir olmasın?!
Nədən şeir olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağappaq olan qablar?!
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)