KİTAB BƏLƏDÇİSİNDƏ Artur Köstlerin “Gözqamaşdırıcı zülmət" romanı Featured

Səbuhi Şahmursoy, “Ədəbiyyat və incəsənət” üçün

 

“Gözqamaşdırıcı zülmət" romanının qaranlıq taleyi ədəbiyyat tarixindən kabus kimi keçir. Yəhudi əsilli ingilis yazıçısı Artur Köstler bir zamanlar qatı kommunist olmuşdu. SSRİ-nin yaradılışı dövründə az qala bütün post-sovet ölkələrini gəzmiş, hətta Bakının Sovetski adlanan ərazisindəki kafelərin birində çay da içmişdi. Amma Stalinin islahatları onda bu rejimə qarşı dərin şübhələr doğurmuş, asiyə çevirməyə sövq etmişdi. Beləliklə, bu romanı yazmaqla ömrü boyu avropalı kommunistlər tərəfindən təqibə məruz qalmış, elə onların əli ilə də qətlə yetirilmişdi. 

 

Corc Orueli "1984" kimi dünya şöhrətli əsərini yazmağa ilhamlandıran "Gözqamaşdırıcı zülmət" romanı Sovet əleyhinə yazılmış ilk böyük ədəbiyyat hadisəsi hesab olunur. Əsərin baş qəhrəmanı Rubaşov hər şeyin ideologiyaya əsaslandığına, inqilabın kökündə ağlın dayandığına inanan keçmiş kommunistdir. Böyük imperiyanın qurulmasında danılmaz zəhməti var. Amma bir gün elə həmin rejim tərəfindən həbs edilir, həmişə inandığı ideyaların sorğuya çəkilməsinə başlanılır. Söhbət Stalinin 1936-38-ci illərdə həyata keçirdiyi "Moskva prosesləri"ndən gedir. Dünyanı cənnətə çevirdiklərinə inanan bütün inqilabçılar bir gün öz yaratdıqları despot tərəfindən sorğuya çəkildiklərinə inana bilmirlər. 

 

Bu əsər Köstlerin tamamilə real siyasi inancına əsaslanır. Hətta romanın motivi onu möhkəm dost olduğu Alber Kamü, Jan-Pol Sartr və Simona de Bovuarla aralarındakı soyuqluğa səbəb olur. 

 

Bu haqda belə yazırlar:

"Sartr, Bovuar, Kamü və Kostler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər içdikləri gecələrdə ehtirasla siyasi müzakirələr aparırdılar. 1946-cı ildə bu cür gecələrin birində rus mühacirlərin kafesində dostluq və siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi. Ortada cavabı axtarılan belə bir sual vardı: "Siyasi baxışlarınız fərqli olan bir insanla dostluq etmək mümkündürmü?" Kamü bu suala "hə" desə də, Kostler bunun mümkünsüzlüyünü vurğulayırdı. İçkinin təsirindən kövrələn Bovuar da Kamü ilə eyni fikirdə idi. O, təxmini olaraq belə cavab vermişdi: "Bəli, mümkündür, hətta biz bunun sübutuyuq və aramızdakı fikir ayrılıqlarına baxmayaraq, birlikdə olduğumuz üçün xoşbəxtik". Simona de Bovuarın bu fikri onları məmnun etmiş və suala verilən ən yaxşı cavab kimi qəbul edilmişdi.

Dostluq və siyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Kostler bir məişət hadisəsini bəhanə edərək Sartra hücum etdi. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Kostleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi aldı.

Bu qalmaqalın sonunda Sartr və Bovuar artıq Kostlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola bilməzdi.

 

"Gözqamaşdırıcı zülmət" romanının SSRİ-də baş verən hadisələri, repressiyaları necə dilə gətirdiyini, reallığı nə qədər əks etdirdiyini demək çətin olsa da, bir şeyi çox yaxşı bilirik ki, bu kitab beş intellektualın dostluğunu parçaladı və Artur Kostler öz cəbhəsində tək qaldı.

Lap Rubaşov kimi...

 

P.S. "Gözqamaşdırıcı zülmət" romanını bəndənizin tərcüməsində oxuya bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.