Dünyaya hökm edən I Pyotr salyanlı Qəbulə xanımdan niyə ehtiyat edirdi? Featured

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Qardaşım Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb. Kitab, dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır. Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub. I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.

 

Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər ehtiyat edirdi ki? Tezliklə bu ehtiyatın səbəbi məlum olur. 1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəəliyin qəbul etdi. Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində, naib Həsən bəyin malikanəsinin qənşərində qərargah quruldu. Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı. Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.

Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı”.

Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq,etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki,
təkcə Azərbayçan tarixinin deyil,ümumtürk,hətta dünya tarixinin ən önəmli,qəhrəman simalarındandır. Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də, rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar. Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə, öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir. Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.

Azərbaycanda ilk dəfə Qəbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib. O vaxta qədər isə, elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar. Nəinki qəhrəmanlığını, hətta bu qəhrəman xanımın adını da unutdura biliblər. Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb. Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi. Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu. Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyub. Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına belə cavab verib:
” -Yuxuda gördüyüm əsərlər çox olub. Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb. Mən həmin yazını oxudum .Sonra arzu etdim ki, kaş gözümün qarşısına gələydi. Yatdım, yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi. Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki, bir alman səyyahı Qəbulə haqda yazıb ki, ”qızıl sapdan toxunmuş paltar geyərdi”.
Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.

Həmin ərəfələrdə Azər dəSakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,
yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti”ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir. Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki, Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru,
Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.

Sizlərə isə bu kitabı oxumaq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.