SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Mənim şair qardaşlarım” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 “Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

    

MƏNİM ŞAİR QARDAŞLARIM

 

Gah əsəbi, gah yorğundur,

Gah tufanlı, gah durğundur,

Gah aşiqdir, gah vurğundur

Mənim şair qardaşlarım.

 

Hər məclisdə sözü vardır,

Gözəllərdə gözü vardır,

Yer üzündə bir bahardır

Mənim şair qardaşlarım.

 

Qürurun canlı heykəli,

Azadlığın gur məşəli,

Bağışlamaz bəd əməli

Mənim şair qardaşlarım.

 

Uzaqlardan gələr ünü,

Salamlayar nurlu günü,

Xalqa verər öz ömrünü

Mənim şair qardaşlarım.

 

Əsrlərdən verdi soraq,

Zülmətdə yandırdı çıraq,

Düşdü vətənindən iraq

Mənim şair qardaşlarım.

 

Dabanından soyuldular,

Gözlərindən oyuldular,

Zülm əliylə döyüldülər

Mənim şair qardaşlarım.

 

Öz yurdunun nəfəsidir,

Zəmanənin haqq səsidir,

Söz mülkünün ustasıdır

Mənim şair qardaşlarım.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.