Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
***
Hüseyn Cavidin həyat yoldaşı
Müşkinaz xanımın əziz xatirəsinə
Dünyadan nə gözəl bir xanım getdi,
Elə bildim ruhdan öz canım getdi.
Bir böyük şairin ilham məbədi
Yumdu gözlərini, yumdu əbədi...
Sındırılmış həyat, məhəbbət getdi,
Dünyadan bir vüqar, bir ismət getdi.
Gözəllik mülkünün nazlı sultanı,
Faciəli ömrün qəmli dastanı,
Qəlbi bala dağlı bir ana getdi
Ağır töhmət qoyub dövrana, getdi.
Niyə axdı, niyə günahsız qanlar?
Niyə susdu, niyə, soyuq vicdanlar?
Əsrin cinayəti açılmayacaq,
Tarix gizlədəcək varaqlarında
Sonra da gələcək nəsillər, ancaq
Qalacaq suallar dodaqlarında...
Tarix gizlədəcək varaqlarında.
Cavab verməyəcək nahaq qanlara
Cavab verməyəcək o dövranlara.
Əsrin vicdanında qalar bu ləkə,
Adsız şəhidlərin tökülən qanı.
Soyuq vicdanları oyadar bəlkə
Oyadar qanlara batan dünyanı...
Dünyadan cəfakeş bir ana getdi,
Ağır töhmət qoyub zamana, getdi.
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)