“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

10 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib. Layihənin “Dialoq və ünsiyyət” rubrikasına aid olan bu tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə Səbail rayonu 7 nömrəli tam orta məktəbin şagirdləri, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər. Kitabxana əməkdaşı iştirakçılara “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verib və mövzu ilə əlaqədar resursları əhatə edən təqdimat nümayiş etdirib. Təqdimatda bullinq və onun fəsadları, uşaqların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub.

Tədbirin davamında şagirdlər diskussiyalarda fəal iştirak edərək, bullinqin qarşısının alınması və uşaq hüquqlarının qorunması ilə bağlı fikir və təkliflərini bölüşüblər. Sonda isə kitabxana əməkdaşı tərəfindən şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyə edilib.

Maarifləndirici tədbirin əsas məqsədi uşaqların hüquqi biliklərini artırmaq və onlara bullinqə qarşı düzgün davranış və müdafiə yolları barədə məlumat verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.