Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə Rəsul Rzanın çıxışı
Azərbaycan Elmlər Akademiyası,
May, 1958
Mənim yadımdadır, Azərbaycan Ali Sovetinin II sessiyasında Səməd Vurğunun bir çıxışı oldu. Mən bu çıxış haqqında demək istəyirəm. Bilirsiniz ki, o sessiyada bizim əlifba məsələsi müzakirə olunurdu. O dedi: “Yeni əlifba hər şeydən əvvəl bizim ana dilimizin inkişafına kömək etməlidir. Bu yeni əlifbanı qəbul etdikdəbiz hansı şərtləri irəli sürməliyik? Birinci şərt budur ki, – Səmədin sözləridir, – yeni tərtib edilmiş əlifba Azərbaycan milli dilinin bütün xüsusiyyətlərinə cavab verməlidir. Bizim dilimizin bir nöqtəsi, bir vergülü də zərər görməməlidir. Çünki dil əlifba əsasında deyil, əlifba dil əsasında yaranır”.
Yoldaşlar, mən təəssüflə deməliyəm ki, bu nitq Səmədin çap olunmuş əsərlərində yoxdur. Gərək onu şairin külliyyatına salaq. Bu nitqində Səməd Azərbaycan dili haqqında bilavasitə danışaraq deyirdi ki, bizim dilimiz hər hansı bir dil kimi sosializm dövründə də öz xəzinəsi əsasında zənginləşmişdir.
Biz xalq varını qoruyuruq. Onun müqəddəs var-dövləti isə xalqımızın dilidir. Dil xalqın namusu, tarixi, demək, onun vicdanıdır. Biz hər yerdə dilimizi göz bəbəyi kimi qorumalıyıq. Və mənə elə gəlir ki, bu gün biz əziz şairimizin xatirəsini əbədiləşdirmək üçün hər cür tədbir görürüksə, bunlar hamısı yaxşı, yerindədir. Ən böyük abidəmiz isə Səməd Vurğunun canından artıq sevdiyi Azərbaycan xalqının səadəti uğrunda mübarizədir. Onun üçün ən böyük abidə uzun illər uğrunda mübarizə elədiyi, sevdiyi və öz böyük qüdrəti ilə yaranmasında, inkişaf etməsində, zənginləşməsində böyük rol oynadığı gözəl, saf, təmiz Azərbaycan dilidir ki, onun keşiyində durmalı, onu Səməd Vurğun kimi sevməli, Səməd Vurğun kimi qorumalı, zənginləşdirməli və bununla da böyük şairimizin əbədi xatirəsini öz qəlbimizdə yaşatmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)