Seçmə şeirlər – RƏSUL RZA, “Babamın səhvi” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

    “BABAMIN SƏHVİ”

 

Babam saqqalı ağ,

qaşları qalın,

qarayanız, enli alın

bir kişiydi.

Namaz qılıb gündə beş rükət;

Deyərdi: Nağalayın atasına rəhmət!

Bizdən saldat aparmadı.

Gavur olsa da,

behiştlik çəkilsin adı.

Mən o zaman uşaq idim.

Üç şeydən qorxardım:

cin, hindtoyuğu, soldat.

Eşidəndə babamın duasını

düşünürdüm: nə yaxşı ki,

adamı saldat aparmırlar.

Nə yaxşı ki,

atamı soldat aparmırlar.

Ancaq...

Ağır oturdu bizə bu "mərhəmət".

Böyük Vətən davasında

Daha yaxşı anladıq bunu;

Nikolayın bizə olan “qayğısını”.

Çıxdıq amansız düşmənə qarşı;

əlimiz müasir silaha – öyrənməmiş

şüurumuz böyük davada naşı.

Qanımızla yumalı olduq

Yazıq, sadəlövh babanın

tarixi səhvini.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.