Gənclər Kitabxanasında görkəmli alim, ədəbiyyatşünas Əkrəm Cəfərin xatirəsi anılıb

Bu ay Azərbaycan Milli əruzşünaslıq məktəbinin banisi, ədəbiyyatşünas, şərqşünas, filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin 125 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin Azərbaycan ədəbi dilinin tədqiqi sahəsinə verdiyi töhfələrdən, zəngin irsindən, çoxşaxəli elmi fəaliyyətindən bəhs edən “Əruzşünaslıq elminin banisi – Əkrəm Cəfər” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unuda bilmədiyim Əkrəm Cəfər”, Məhəmməd Nərimanoğlunun “Elmdə Əkrəm Cəfər zirvəsi” adlı məqalələrin tam mətni, professor Əkrəm Cəfərin  Azərbaycan ədəbiyyatı tarixi, şərqşünaslıq və dilçilik elminin tədqiqi sahəsində qələmə aldığı bir sıra əsərləri haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Əkrəm Cəfərin müəllifi, redaktoru, tərcüməçisi, ön söz yazarı olduğu  “Yandım avazeyi eşqinlə sənin”, “Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti”, “Məhsəti Gəncəvi - özü, sözü, izi”, “Bustan.Gülüstan”, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kimi 20-dən çox kitabının biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası və dövrü mətbuatda çıxan əsərlərinin siyahısı yer alır.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən materialda görkəmli alimin müəllifi olduğu və ona yazılan məktubların arxivi və onun haqqında 2006-2024 - cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir. 

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.