Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“ƏRK QALASI”
Təbriz – gözəl şəhər!
Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə – yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən-könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
1958
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)