Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“ŞUŞAM MƏNİM”
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
İncə mahnılar yuvası,
Pənahların yadigarı,
Alagözlü,
qarasaçlılar diyarı
Səndə Cabbarın, Seyidin,
Nəvvabın, Üzeyirin, Bülbülün,
neçə-neçə nəğməkarın,
qoç igidin
nəğməsi var,
nərəsi var.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə
biri sənə tay olarmı?!
Avqust, 1980
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)