Heç kim sən olmadı Featured

AYGÜN BƏYLƏR- HÜMMƏTOVA ÜÇÜN

 

Kamalə Abıyeva,

nəğməkar şair, publisist.

“Ədəbiyyat və incəsənət”

 

Bir gün zəng gəldi: Aygün Bəylərin xatirə gecəsini keçirəcəyik BMM-də.  Sizi də orda görmək istərdik.

Sevindim.  Heç tərəddüd etmədən “Mütləq gələcəm. Təşəkkür edirəm Aygün xanıma xatirə gecəsi keçirdiyiniz üçün” dedim A. Səfərova. Xatirə gecəsinə bir ağrıyla, amma sevə-sevə getdim. O mənim üçün əziz idi. Bütün təbiəti, hərəkətləri, danışığı, geyim tərzi ilə əziz idi. Çünki çox təbii, çox səmimi idi. Səsin zirvəsindəydi. Sənətin zirvəsi idi. Ona görə də gündəmdə qalmaq üçün sənətdən başqa əlavə nəyə isə ehtiyacı yox idi. Ədalı duruşa, baxışa, yersiz əzilib-büzülmələrə ehtiyacı yox idi. Istedadına arxayın idi. Əmin idi.

Aygünsevərlər gəlmişdi. Gözüm sənət adamlarını, ifaçıları  axtardı. Zalda kimsəni görmədim. Onların yeri boşdu....  Adlarını bilmirəm. Əvvəl öyrənmək istədim, sonra fikrimdən daşındım. Niyə yazım ki? Aygünün xatirə gecəsinin olmasından xəbərsiz kimi davranan, şəxsən dəvət alsalar da gəlməyənlər guya bu yazını oxuyacaqlar? Yəqin bilirlər ki, Aygünün xatirə gecəsində iştirak etmək üçün böyük olmalısan sənətinlə. Xalq artisti Həmidə Ömərova, Əməkdar akrisamız Nəcibə Hüseynova, yazıçı, şair, publisist Aysel Əlizadənin xatirələri maraqla qarşılandı.
Sevimli İlqar Muradov, Nazim Pişyari, Mirələm Mirələmov. Murad Laçın, Məzahir  Fikrətoğlu  onun xatirəsini əziz tutdu.

Xatirə gecəsinin aparıcısı dəyərli Saleh Bağırovun Aygün xanıma sevgi və hörmətini hiss etməmək də mümkünsüz idi.
Mən tədbirin keçirilməsinə  dəstək verən BMM-nin direktoru Sahib Paşazadəyə, bütün kollektivə, bu işdə böyük zəhməti olan redaktor Validə xanım Kazımovaya  bir daha təşəkkür etmək istədim bu yazımla.

Tədbir bundan sonra Zümrüd Aygün kimi dinləyəcəyimiz Zümrüd Hümmətovanın çıxışı ilə başa çatdı.

Alqışlarla başlayan, alqışlarla davam edən xatirə gecəsi alqışlarla bitdi. Mənim həyəcanım, təəssüfüm bitmədi... Aygünün var-dövləti qalmadı, bir vəzifəli yaxını yoxdu. Ona görəmi ötən il 50 illiyi bəzi verilişlərdə xatırlandı?  Xatirə gecəsinə sənət yoldaşları gəlmədi?..

Aygün olduğu zirvəyə özü çıxmışdı. Ayağının altında sənətindən-səsindən başqa heç nə yox idi. Amma sağlığında da adları sənətindən çox olanlar kimi bahalı doğum günləri keçirə bilməyib. Niyə? Nədən? Doğurdanmı, sənətin ölçü meyarı  qohumluq, əlaqələr, vəzifə, pul olub? İnanmaq istəmirsən. Özünü sənət dünyasında hesab edənlərin bu düşüncəsinə inanmaq istəmirsən.

Və onun İbrahim Tatlısəsi heyran etməsini xatırladım. Və məşhur türk müğənnisi Sibel Canın konsertində səs-istedad axtarmasını xatırladım. Qarşısına kimsə çıxa bilmədi. Oxuyan oldu, amma... Zəng vurub Aygün Hümmətovanı çağırmışdılar. Sənəti ilə heyrət yaradan Aygünü. O çəkilişlər var. Baxdıqca baxıram. Sibel Can, onunla olan musiqiçilər heyrətlə baxırdılar. Səs yazılarını, disklərini istədilər. “Nadir səs. Azərbaycanda tək səs” kimi ifadələrin təkrar-təkrar səsləndiyini çoxumuz eşitdik. Aygünün təbii sevinci adamı kövrəldirdi. Özünün heç də Sibel Candan istedadsız olmadığını düşünmürdü. Öz oxuyanlarımız deyə bilmir axı.. Onun özündən sonra da həmişə yaşayacaq sənətindən də ehtiyat edirlər məncə. Çünki çoxu özüylə birgə aparacaq geyim-keçimini də, adlarını da, səsini də...

O isə yaşayacaq. Hər kəs özündən sonra qalanlar qədərdi.

Aygün cismən ayrılığıyla yenidən doğuldu.

Böyüdü, böyüdü, daha böyük oldu. Daha da çox oldu.
Və Aygünə dedim ki:

 

AYGÜN HÜMMƏTOVAYA

Heç nə aparmır adam bu dünyadan.

Nəyi varsa qalır bu dünyada.

Hər kəs  özündən sonra qalanlar qədərdi,

Yoxsa ki ömür  hədərdi.

Kimsə bir vaxt səhv edib,

“Əvəzsizlər yoxdu” deyib.

Səndən sonra heç inanmadım.
Yerinə kimsəni tapmadım.

Heç kim sən olmadı.

Sən özündən sonra da böyüdün.

Ürək-ürək sevgi tək.

Öz  zirvəndəsən

səsin, sənətin zirvəsisən.  

Sevgi var-dövlətlə alınmır.

ən gözəl duyğular satılmır. 

Özü  var-dövlət olanları alıb-satmaq olmur.

Kimsə  özüylə birgə yox olur,

Kimsə hər gün  yenidən doğulur bu dünyada.

Səsindən doğulan adam.

Sən Ayımız- günümüz oldun.

əbədi Aygünümüz oldun. 

“Ədəbiyyat və incəsənət”

(26.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.