Şam işığında yaradıcılıq gecəsi Featured

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, eləcə də “Candlelight Baku”nun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış kamança ifaçısı, “Tərəqqi” medallı İmamyar Həsənovun “Mədəniyyət Elçisi” adlı layihə-konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə layihənin həyata keçirilməsinə göstərdikləri rəsmi dəstəyə görə Komitəyə və Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlıq ifadə olunub.

 

Milli musiqi irsimizin təbliğinə və xaricdə fəaliyyət göstərən azərbaycanlı sənətçilərin ölkəmizin mədəni həyatına cəlb olunmasına verilən dəstəyin əhəmiyyəti vurğulanıb.

Şam işığında təşkil olunan yaradıcılıq gecəsində İmamyar Həsənovun ifasında Azərbaycan milli musiqisinin zənginliyi, kamança sənətinin özünəməxsusluğu və müxtəlif musiqi janrları ilə vəhdəti nümayiş etdirilib. Konsert tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.

Uzun illərdir ABŞ-də yaşayan sənətçi 2012–2018-ci illərdə San Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru vəzifəsində çalışıb. 2013 və 2019-cu illərdə ABŞ-nin nüfuzlu Stanford Universitetinin Musiqi kafedrasında müəllim və mühazirəçi kimi fəaliyyət göstərərək Azərbaycan musiqisini tədris edib. Beynəlxalq musiqi festivallarında və konsert proqramlarında iştirak edib. O həmçinin dünyanın müxtəlif ölkələrində ustad dərsləri keçərək, Azərbaycan milli musiqisinin və kamança sənətinin tanıdılması istiqamətində fəaliyyət göstərib. Yaradıcılığında ənənəvi Azərbaycan muğamını, xalq musiqisini və Qərb klassik musiqisinin elementlərini birləşdirən ifaçı özünəməxsus “KamanYar” üslubu ilə tanınır. 1996-cı ildə “İstedadları axtarırıq” müsabiqəsinin qalibi olan sənətçi 2022-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib. Onun 2024-cü ildə təqdim etdiyi “Sounds of Azerbaijan” albomu beynəlxalq “Global Music Awards” müsabiqəsində “Dünya musiqisi” və “Duet” kateqoriyaları üzrə iki qızıl medala layiq görülüb.

Xatırladaq ki, İmamyar Həsənov 2022-ci ildə Azərbaycan Diasporuna Dəstək Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə dəstəyi ilə Şuşada həyata keçirilən “Şuşa Zəfər Layihəsi”nin təşəbbüskarı olub. Layihə çərçivəsində Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun əsərləri, eləcə də milli musiqi kompozisiyaları İmamyar Həsənovun ifasında təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.