İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu günə 60 illik yubileyi təsadüf eədn Ceff Bakli (Jeffrey Scott Buckley, 17 noyabr 1966 – 29 may 1997) — amerikalı müğənni, bəstəkar və gitara ifaçısıdır. O, 1990-cı illərin alternativ rok musiqisinin ən istedadlı və özünəməxsus sənətçilərindən biri hesab olunur. Xüsusilə geniş diapazonlu, emosional və təsirli səsi, fərqli musiqi üslubu və Leonard Koenin (Leonard Cohen) Hallelujah mahnısının ifası ilə dünya miqyasında tanınıb.
Ceff Bakli 17 noyabr 1966-cı ildə ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində anadan olub. O, məşhur folk müğənnisi Tim Baklinin və musiqiçi Meri Giberin oğludur. Valideynləri ayrıldıqdan sonra anası tərəfindən böyüdülüb. Atası ilə münasibətləri çox məhdud olub. Onlar Ceffin uşaqlıq dövründə cəmi bir həftə birlikdə vaxt keçiriblər. Tim Bakli 1975-ci ildə, Ceff hələ uşaq olarkən vəfat edib.
Ceff kiçik yaşlarından musiqiyə maraq göstərib. Beş yaşından gitara çalmağı öyrənməyə başlayıb. Gənclik illərində müxtəlif musiqi janrları ilə maraqlanıb, musiqi təhsilini davam etdirib və Los-Ancelesdə gitara ifaçısı kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində Nyu-Yorka köçən Bakli burada kiçik musiqi klublarında və kafelərdə çıxış etməyə başlayıb.
Onun ifaları qısa müddətdə musiqi həvəskarlarının və tənqidçilərin diqqətini cəlb edib.
1993-cü ildə Live at Sin-é adlı ilk musiqi albomunu təqdim edib. 1994-cü ildə isə onun karyerasında mühüm yer tutan Grace adlı ilk studiya albomu işıq üzü görüb. Bu albom Baklinin musiqi dünyasında tanınmasına böyük töhfə verib. Onun musiqilərində alternativ rok, folk-rok, blüz və soul elementləri birləşirdi. Xüsusilə vokal imkanları və mahnılarındakı emosional dərinlik onu digər ifaçılardan fərqləndirirdi.
Əsas albomları
- Grace (1994)
Tərcüməsi: Lütf.
Onun sağlığında yayımlanan yeganə tamamlanmış studiya albomudur. Ən məşhur musiqi əsərlərinin bir qismi bu albomda yer alır.
- Sketches for My Sweetheart the Drunk (1998)
Tərcüməsi: Sərxoş sevgilim üçün eskizlər.
Müğənninin vəfatından sonra yayımlanmış, tamamlanmamış ikinci albomu üçün hazırladığı yazılardan ibarətdir.
- Live at Sin-é (1993)
Tərcüməsi: Sin-é-də canlı ifa.
Onun erkən dövr canlı ifalarını əks etdirən albomdur.
- Mystery White Boy (2000)
Tərcüməsi: Sirli ağ oğlan.
Müxtəlif konsertlərdəki canlı ifalarından hazırlanmış albomdur.
- Hallelujah — Alleluya.
- Grace — Lütf.
- Last Goodbye — Son vida.
- Lover, You Should've Come Over — Sevgilim, gəlməli idin.
- So Real — O qədər real.
- Mojo Pin — Mojo sancaq.
- Eternal Life — Əbədi həyat.
- Dream Brother — Xəyal qardaş.
- Everybody Here Wants You — Buradakı hər kəs səni istəyir.
- Forget Her — Onu unut
- Morning Theft — Səhər oğurluğu.
Ceff Baklinin şəxsi həyatı və yaradıcılığı bir-biri ilə sıx bağlı idi. O, şeirə, ədəbiyyata və müxtəlif xalqların musiqisinə böyük maraq göstərib. Xüsusilə pakistanlı əfsanəvi qavvali ifaçısı Nüsrət Fateh Əli Xana (Nusrat Fateh Ali Khan) böyük hörmət bəsləyirdi. Onun musiqi yaradıcılığından təsirlənib.
29 may 1997-ci ildə, 30 yaşında olarkən ABŞ-ın Tennessi ştatının Memfis şəhərində faciəli şəkildə boğularaq həyatını itirib. Həmin vaxt o, ikinci albomu üzərində işləyib. Vəfatından sonra yarımçıq qalmış musiqi materialları ailəsinin və musiqi əməkdaşlarının iştirakı ilə dinləyicilərə təqdim olunub.
Mükafatları
- 1995-ci ildə Grace albomuna görə Fransanın nüfuzlu Grand Prix International du Disque mükafatına layiq görülüb.
- Albomu Fransada qızıl disk sertifikatı alıb.
- Hallelujah ifası musiqi tarixinin ən yaddaqalan interpretasiyalarından birinə çevrilib.
- 2025-ci ildə onun həyatı və yaradıcılığı haqqında It's Never Over, Jeff Buckley adlı sənədli film təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(17.11.2026)


