Azərbaycan rokunun qlobal zirvəsi: "Coldünya" və BBC radiosundakı tarixi uğur Featured

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

1990-cı illərin əvvəlləri Azərbaycan üçün müstəqilliyin bərpası ilə yanaşı, həm də ağır müharibə və iqtisadi çətinliklər dövrü idi. Məhz belə bir zamanda Bakıda yaranan bir musiqi qrupu sərhədləri aşaraq Azərbaycan adını dünyanın ən nüfuzlu musiqi platformalarından biri olan Britaniyanın BBC Radiosuna yazdırmağı bacardı. Söhbət Azərbaycan rok tarixinin dönüş nöqtəsi sayılan "Coldünya" qrupundan gedir.

 

Qrupun yaranması və fəlsəfəsi

"Coldünya" 1992-ci ildə Bakıda dörd gənc musiqiçi - Teymur Nadir (vokal, fortepiano), Rövşən Kərimov (gitara, vokal), Samir Cəfərli (zərb və klavişli alətlər) və Aydın Hacıyev (bas-gitara, dodaq qarmonu) tərəfindən təsis edilmişdir.

Qrupun adı belə onların musiqi fəlsəfəsini əks etdirirdi: ingiliscə "Cold" (soyuq) sözü Qərbin rasional və praqmatik düşüncəsini, azərbaycanca "Dünya" sözü isə Şərq insanının emosional və dərin ruh dünyasını təmsil edirdi. Onlar Azərbaycan musiqisinə xas olan simfonik çalarları və muğam elementlərini müasir Qərb roku ilə ustalıqla sintez edərək özünəməxsus üslub yaratdılar.

"Coldünya" sözündə bir gizli məna da gizlənibdir – koldunya – rusca sehirbaz deməkdir. Elə onlara ən böyük şöhrəti də eyni adlaı mahnının gətirməsi təsadüfi deyil.

 

"Sehrbaz" mahnısı və BBC radiosuna yolçuluq

Qrup 1994-cü ildə özünün ən məşhur əsərlərindən birini - "Sehrbaz" mahnısını yazdı. 1996-cı ildə qrupun "Nota Bene" adlı debüt albomu işıq üzü gördü və "Sehrbaz" mahnısına klip çəkildi.

Həmin il bir İrlandiya qrupunun meneceri və BBC jurnalistinin dəstəyi ilə "Coldünya"nın lent yazıları Böyük Britaniyaya, BBC Radiosuna göndərildi. Azərbaycan dilində səslənən bu qeyri-adi kompozisiya britaniyalı dinləyicilərin və radio aparıcılarının, o cümlədən məşhur aparıcı Mark Qudyerin (Mark Goodier) böyük marağına səbəb oldu.

 

Top çartda 7-ci yer və yarımçıq qalan Britaniya arzusu

1996-cı ilin oktyabr-noyabr aylarında "Sehrbaz" mahnısı BBC Radiosunun xarici dildə oxunan ən yaxşı mahnılar hit-paradına (Top Çart) daxil olaraq iki həftə ərzində 7-ci pillədə qərarlaşdı. Bu, müstəqil Azərbaycanın müasir musiqi tarixində ilk belə qlobal uğur idi.

Uğurun ardınca qrup Böyük Britaniyaya konsert və səsyazma üçün rəsmi dəvət aldı. Lakin 90-cı illərin ağır iqtisadi reallıqları və maliyyə çatışmazlığı səbəbindən qrupun İngiltərə səfəri baş tutmadı.

 

Azərbaycan musiqisindəki irsi

Britaniya səfəri reallaşmasa da, "Coldünya" fəaliyyətini davam etdirərək Azərbaycan rok musiqisinin inkişafında silinməz iz qoydu. Xüsusilə 2003-cü ildə dünya şöhrətli xanəndə Alim Qasımovla birlikdə ərsəyə gətirdikləri "Oyanış" layihəsi muğam-rok sintezinin şah əsərlərindən biri kimi tarixə düşdü.

Bu gün də "Sehrbaz" mahnısı öz aktuallığını və mistik atmosferini qoruyur, "Coldünya"nın hekayəsi isə Azərbaycan musiqisinin keyfiyyət baxımından dünya səviyyəsində rəqabətə tam hazır olduğunun ən bariz sübutu kimi xatırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.