İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Nil Yanq (Neil Young) — kanadalı müğənni, bəstəkar, gitaraçı, musiqiçi və kinorejissordur. O, rok musiqisinin ən nüfuzlu nümayəndələrindən biri hesab olunur. Folk-rok, kantri-rok, hard-rok və alternativ rok janrlarında yaratdığı əsərlərlə dünya musiqi tarixində özünəməxsus yer qazanıb. Xüsusilə emosional səsi, fərqli gitara ifası, dərin məzmunlu mahnıları və musiqidə daim yenilik axtarması ilə tanınır. Onu bəzən "Qrancın xaç atası" da adlandırırlar.
Nil Persival Yanq (Neil Percival Young) 12 noyabr 1945-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. Atası Skott Yanq (Scott Young) tanınmış idman jurnalisti və yazıçı, anası Edna Blount (Edna Blow) isə ailə həyatına bağlı bir qadın olub. Valideynlərinin ayrılmasından sonra Nil anası ilə birlikdə Vinnipeq şəhərinə köçüb.
Uşaqlıq illərində müxtəlif musiqi janrlarına maraq göstərib.
Yeniyetməlik dövründə gitara ifa etməyi öyrənib və məktəb musiqi qruplarında çıxış etməyə başlayıb. 1960-cı illərin əvvəllərində musiqi fəaliyyətini daha ciddi şəkildə davam etdirərək müxtəlif qruplara qoşulub. Sonralar ABŞ-a köçməsi onun musiqi karyerasında mühüm dönüş nöqtəsinə çevrilib. Nil Yanq 1960-cı illərin ortalarında Buffalo Springfield qrupunun yaradıcılarından biri kimi tanınıb
Qrup Stiven Stills (Stephen Stills) və Riçard Füre (Richie Furay) kimi musiqiçilərlə birlikdə fəaliyyət göstərib. 1966-cı ildə qrupun məşhurlaşmasına səbəb olan For What It's Worth mahnısı böyük diqqət qazanıb. Bu əsər xüsusilə müharibə əleyhinə və ictimai etiraz ruhu ilə əlaqələndirilir. 1968-ci ildə Buffalo Springfield dağıldıqdan sonra Nil Yanq solo karyerasına diqqət yetirib.
1969-cu ildə ilk solo albomunu təqdim edib. Həmin il Crazy Horse qrupu ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq onun musiqi həyatında uzun illər davam edən mühüm yaradıcılıq istiqamətinə çevrilib. 1970-ci ildə Devid Krosbi (David Crosby), Stiven Stills (Stephen Stills) və Qrem Neş (Graham Nash) ilə birlikdə Crosby, Stills, Nash & Young qrupunun üzvü olub. Qrupun Déjà Vu albomu böyük uğur qazanıb.
Ən məşhur albomları
- After the Gold Rush (1970)
Qızıl axtarışından sonra.
Müğənninin ən məşhur albomlarından biridir. Folk-rok və kantri-rok elementlərini birləşdirir.
- Harvest (1972)
Məhsul yığımı. Onun kommersiya baxımından ən böyük uğur qazanan albomlarından biridir.
- On the Beach (1974)
Çimərlikdə. Daha düşüncəli, introspektiv və melanxolik musiqi nümunələrini əhatə edir.
- Rust Never Sleeps (1979)
Pas heç vaxt yatmır. Rok musiqisinin tanınmış albomlarından biri hesab olunur.
Nil Yanqın yaradıcılığında xüsusi yer tutan mahnılar:
- Heart of Gold — Qızıl ürək
- Old Man — Qoca
- Harvest Moon — Məhsul yığımı ayı
- Rockin' in the Free World — Azad dünyada rok
- Like a Hurricane — Qasırğa kimi
- The Needle and the Damage Done — İynə və onun vurduğu zərər
- Cinnamon Girl — Darçın qız
- Down by the River — Çayın kənarında
- After the Gold Rush — Qızıl axtarışından sonra
- Only Love Can Break Your Heart — Yalnız sevgi sənin ürəyini qıra bilər
- Ohio — Ohayo
- Comes a Time — Elə bir zaman gəlir
Nil Yanq yalnız musiqi fəaliyyəti ilə deyil, ictimai mövqeyi və xeyriyyəçilik təşəbbüsləri ilə də tanınır. 1985-ci ildə Ferma Yardımının (Farm Aid) yaradılmasında iştirak edib. Təşkilatın əsas məqsədi fermerlərə və ailə təsərrüfatlarına dəstək göstərməkdir. O, həmçinin xüsusi təhsil ehtiyacları olan uşaqlara dəstək məqsədilə yaradılmış Bridge School təşkilatının və onun xeyriyyə konsertlərinin təşkilində mühüm rol oynayıb. Ətraf mühitin qorunması, fermerlərin hüquqları və sosial problemlər onun yaradıcılığında tez-tez diqqət yetirdiyi mövzulardır.
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


