İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Frenk Ouşen (Frank Ocean) — amerikalı müğənni, mahnı müəllifi və musiqi prodüseridir. O, müasir R&B musiqisinin fərqli və yaradıcı sənətçilərindən biri hesab olunur. Dərin mənalı sözləri, sakit və duyğulu səsi, sevgi, xatirələr, tənhalıq və insanın daxili dünyası haqqında mahnıları ilə tanınır. Onun musiqisində R&B ilə yanaşı soul, hip-hop və eksperimental pop elementləri də birləşir.
28 oktyabr 1987-ci ildə dünyaya gəlib. Frenk Ouşen uşaqlıq illərinin böyük hissəsini Luiziana ştatının Yeni Orlean şəhərində keçirib. Bu şəhərin zəngin caz ənənələri onun musiqi zövqünün formalaşmasına təsir göstərib. O, yeniyetməlik dövründə musiqiyə ciddi maraq göstərməyə başlayıb və öz mahnılarını yazmaq üçün çalışıb.
2005-ci ildə baş verən Katrina qasırğası onun həyatına da təsir edib. Qasırğadan sonra musiqi fəaliyyətini davam etdirmək məqsədilə Los-Ancelesə köçüb. Burada musiqi sənayesində əlaqələr quraraq peşəkar fəaliyyətinə başlayıb.
Frenk Ouşen əvvəlcə digər ifaçılar üçün mahnı yazmaqla məşğul olub. O, Castin Biber (Justin Bieber), Beyonse (Beyoncé) və digər tanınmış sənətçilərin musiqi layihələrində mahnı müəllifi kimi iştirak edib.
Daha sonra öz mahnılarını ifa etməyə başlayıb.
2011-ci ildə nostalgia, ULTRA adlı miksteypini yayımlayıb. Bu iş onun musiqi dünyasında tanınmasına kömək edib.
Ouşen Los-Ancelesdə fəaliyyət göstərən Odd Future adlı hip-hop kollektivinin üzvləri ilə də əlaqə qurub. Onun fərqli musiqi üslubu və şəxsi hissləri səmimi şəkildə ifadə etməsi dinləyicilərin diqqətini cəlb edib.
Ən məşhur albomları
1. channel ORANGE (2012)
Bu albom Frenk Ouşenin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb. Albom sevgi, münasibətlər, arzular və insan həyatının mürəkkəb tərəflərindən bəhs edir.
Məşhur mahnıları:
Thinkin Bout You — Səni düşünürəm
Pyramids — Piramidalar
Bad Religion — Pis din
Lost — İtmiş
2. Blonde (2016)
Sənətçinin ən çox müzakirə edilən albomlarından biridir. Albomun musiqisi daha eksperimental, sakit və düşüncəlidir. Burada uşaqlıq xatirələri, sevgi, ayrılıq, zaman və şəxsiyyət mövzuları diqqət çəkir.
Məşhur mahnıları:
Nikes — İdman ayaqqabıları
Ivy — Sarmaşıq
Pink + White — Çəhrayı və ağ
Self Control — Özünənəzarət
White Ferrari — Ağ Ferrari
3. Endless (2016)
Vizual albom formatında təqdim olunan bu əsər Frenk Ouşenin yaradıcılığında xüsusi yer tutur. Burada musiqi ilə görüntü bir-birini tamamlayır. Layihə onun eksperimental yanaşmasını nümayiş etdirir.
4. nostalgia, ULTRA (2011)
Onun diqqət çəkən ilk böyük musiqi layihəsidir. Miksteypdə nostalji, gənclik, münasibətlər və şəxsi yaşantılar əsas yer tutur. Bu layihə Ouşenin özünəməxsus musiqi dilinin formalaşmasına kömək edib.
Frenk Ouşen musiqi sənayesindəki uğurlarına görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
- 2 Qremmi mükafatı (Grammy Awards) qazanıb.
- channel ORANGE albomu 2013-cü il Qremmi mərasimində ən yaxşı urban contemporary albomu kateqoriyasında qalib olub.
- Jay-Z və Kanye West ilə birlikdə səsləndirdiyi No Church in the Wild mahnısı da Qremmi mükafatı qazanıb.
- 2013-cü ildə Brit Awards mərasimində ən yaxşı beynəlxalq kişi solo ifaçısı mükafatını alıb.
- Blonde albomu ABŞ-da Billboard 200 siyahısında birinci yerə yüksəlib.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


