İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir dəfə bir söhbətdə eşitdim ki, bölgələrimizin birindən şair-yazıçı, birindən rəssam, birindən xanəndə, birindən aşıq, birindən meyxanaçı çıxır. Həmsöhbət şəxs cənub bölgəsindən heç vaxt müğənni çıxmadığını söyləyincə dərhal dörd ad çəkərək onu fikrindən daşındırdım. Canəli Əkbərov, Teymur Mustafayev, Ağadadaş Ağayev və Baloğlan Əşrəfov. Əslində bu adlar daha çoxdur.
Məşhur xanəndə Canəli Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğam sənətini atasından öyrənib, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olub. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib.
Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazlar yaradıb: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib"). Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. dəfələrlə qastrol səfərlərində olub.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə edib.
Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb. İrsi etibarlı şəkildə qorunub saxlanıb.
O, həm də muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.
Filmoqrafiya
1. Havalansın Xanın səsi
2. Mənsuriyyə sorağında
3. Zəlimxan dastanı
4. Biz qayıdacağıq
5. Muğamat var olan yerdə
6. Sevda yolu. Canəli Əkbərov
7. İki xan arasında bir can
Təltif və mükafatları
1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Şərəf" ordeni
4. "Şöhrət" ordeni
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
6. 1-ci dərəcəli "Əmək" ordeni
7. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı)
Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat edib. Ustad sənətkar İkinci Fəxri Xiyaban'da dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.10.2026)


