Bir duetin tarixçəsi: "Yaşın nə fərqi var ki?!" Featured

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

2000-ci ildə işıq üzü görən və rəsmi adı "İncitmə qəlbimi" olan bu mahnı, təkcə İlhamə Quliyevanın deyil, həm də həmin vaxt cəmi 24 yaşı olan gənc ifaçı Rəşad İlyasovun musiqi karyerasında dönüş nöqtəsinə çevrildi. Məhz Rəşadın duetə qoşulması mahnının sözlərində redaktəyə səbəb oldu.

 

Mahnıda dəyişdirilən o məşhur söz (Xəzanlı əvəzinə sevdalı)

Mahnının orijinal sözləri İlhamə Quliyevanın özünə məxsus idi. İlhamə xanım mahnını solo variantda lentə alandan sonra Rəşad İlyasov da öz partiyasını oxumaq üçün studiyaya daxil olur. Şeirin orijinal mətnində belə bir misra var idi:

"Dəqiqəm, saatım, ayım, ilimsən, Xəzanlı ömrümün hədiyyəsisən..."

İlhamə Quliyeva öz yaş qrupuna uyğun olaraq ömrünü "xəzanlı" (payız çağları) adlandırmışdı. Lakin 24 yaşlı Rəşad İlyasov bu sözü oxumaqdan çəkinir və studiyada səs rejissoru Faiq müəllimlə bərabər İlhamə xanıma etiraz edərək bildirir:

"İlhamə xanım, mənim cəmi 24 yaşım var. Mənim bu yaşda 'xəzanlı ömrümün hədiyyəsisən' deməyim heç cür düzgün çıxmır."

İlhamə Quliyeva əvvəlcə təəccüblənib "Bəs nə demək istəyirsən?" deyə soruşur. Rəşad İlyasov dərhal yerindəcə ekspromt olaraq "Xəzanlı" sözünü "Sevdalı" sözü ilə əvəzləməyi təklif edir. İlhamə xanım bu təklifi çox bəyənir və beləcə mahnının duet variantında Rəşad öz hissəsində "Sevdalı ömrümün hədiyyəsisən" misrasını ifa edir.

 

Bəstənin yaranması və canlı efir təsadüfü

Musiqi:  Bəstəkar Novruz Aslana məxsusdur. O, mahnının melodiyasını gecə saat 04:00-da qəfildən oyanaraq bəstələdiyini qeyd edib.

Adının Dəyişməsi:  Mahnı "İncitmə qəlbimi" adı ilə yazılsada, Kamran Həsənlinin "Sizin saat" proqramında aparıcının Rəşada "Mən sənə 'sən' deyə bilərəm?" sualına İlhamə xanımın replika olaraq "Yaşın nə fərqi var ki, sevirəm səni..." misralarını oxuması hər şeyi dəyişir. Bu ifadə canlı efirdən sonra bütün ölkədə zərb-məsələ çevrilir.

 

İlk tanışlıq: Türkiyə səfirliyi

İlhamə Quliyeva ilə Rəşad İlyasovun yolları Türkiyə səfirliyində keçirilən rəsmi bir tədbirdə kəsişmişdi. Rəşad orada qarmonda çalaraq "Sarı gəlin" mahnısını oxuyarkən İlhamə xanım onun ifasına heyran qalır və səhnə arxasında ona rusca: "Mən səninlə duet oxuyacağam" deyir. Bu vəddən qısa müddət sonra bəstəkar Novruz Aslan bu layihəni ərsəyə gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.