İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Gecələr bulaq başı...”
Bir muğənnini cəmi bir mahnıda özünü təsdiq etməsinin parlaq təcəssümü.
Səsin müdhiş gözəlliyi və musiqinin müdhiş özəlliyi bir-birini o qədər tamamlayır ki valeh olmaya bilmirsən...
Azərbaycan Respublikasının əməkdar artisti Teymur Əmrahın bu gün yubileyidir, 55 yaşı tamam olur.
Dəyərli sənətçimiz 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olublar.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.
Tələbələri
Teymur Əmrahın iki tələbəsi – Prezident Mükafatçısı Amil Həsənov, Xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüblər. Azərbaycan Respublikasının əməkdar artisti Elton Hüseyinəliyev onun yetirməsidir. Digər tanınan tələbələri: Emil Rəhmanov, Ayaz Qasımov, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Nəsimi Məmmədov, İlkin Dövlətovdur.
Sən bu qədər istedad yetişdirəsən, tələbələrin xalq artistliyinə yüksələlər...
Amma təəssüf ki, Teymur Əmrah haqq etdiyi Xalq artisti adına hələ də layiq görülməyibdir.
“Ədəbiyyat və incəsənət”
(08.10.2026)


