İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Belə deyirlər.
Deyirlər ki, Don Maklinin gitarası heç zaman susmaq bilmir.
Don Maklin (Don McLean) — tam adı Donald McLean III — məşhur amerikalı müğənni, bəstəkar və gitaraçıdır. O, xüsusilə “American Pie” və “Vincent (Starry, Starry Night)” mahnıları ilə dünya musiqi tarixində iz qoyub.
Don Maklin 2 oktyabr 1945-ci ildə ABŞ-ın Nyu-York ştatının New Rochelle şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Beş yaşından radio və plastinkalardan musiqi dinləyir, ailəsi və dostları qarşısında çıxış edirdi. Yeniyetməlik dövründə gitara alıb və vokal dərsləri keçib.
Gənclik illərində onun musiqi zövqünün formalaşmasında folk musiqisi və xüsusilə The Weavers qrupunun böyük təsiri olub. 1960-cı illərdə Nyu-Yorkun kiçik klublarında və folk musiqi məkanlarında çıxış etməyə başlayıb. Həmin dövrdə Pete Seeger, Janis Ian, Melanie və digər sənətçilərlə eyni səhnəni bölüşüb. 1968-ci ildə Iona College-də biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi alıb, lakin əsas arzusu peşəkar musiqiçi olmaq idi
Maklinin ən məşhur əsəri “American Pie”dir. Mahnı 1971-ci ildə yazılıb və həmin ilin noyabrında sinql kimi yayımlanıb. Təxminən 8,5 dəqiqəlik bu əsər Amerika musiqi və mədəniyyətinin ən tanınmış mahnılarından birinə çevrilib. Mahnının yaranmasına 1959-cu ildə Buddy Holly, Ritchie Valens və The Big Bopperin həyatını itirdiyi təyyarə qəzası böyük təsir göstərib. Maklin həmin xəbəri yeniyetmə ikən qəzet paylayarkən eşitmişdi.
“American Pie” isə yalnız bu faciədən bəhs edən mahnı deyil; burada 1950-ci illərin nikbinliyindən 1960-cı illərin siyasi və sosial qarışıqlıqlarına qədər Amerikanın dəyişməsi simvolik şəkildə təsvir olunur. Mahnının mürəkkəb və simvolik sözləri illərdir müxtəlif cür şərh edilir. Maklin isə mahnının bütün simvollarını izah etməkdən çəkinib və onun müxtəlif yozumlara açıq qalmasını istəyib.
“American Pie” sonradan Grammy Hall of Fame-ə daxil edilib və 2017-ci ildə ABŞ Library of Congress National Recording Registry-yə salınıb. RIAA və NEA-nın “Songs of the Century” siyahısında isə 5-ci yeri tutub. “Vincent (Starry, Starry Night)”
Don Maklinin ikinci ən məşhur əsərlərindən biri “Vincent”, digər adı ilə “Starry, Starry Night” mahnısıdır.
1970-ci ildə yazılan mahnı məşhur holland rəssamı Vincent van Goghun həyatına və sənətinə həsr olunub. Mahnının adı van Qoqun məşhur “The Starry Night” – “Ulduzlu gecə” əsərinə işarə edir. “Vincent” 1972-ci ildə ABŞ-da 12-ci, Böyük Britaniyada isə 1-ci yerə yüksəlib.
Don Maklinin tanınmış əsərləri arasında:
- American Pie — Amerikan piroqu
- Vincent (Starry, Starry Night) — Vinsent (Ulduzlu, ulduzlu gecə)
- And I Love You So — Və mən səni sevirəm
- Castles in the Air — Göydəki qalalar
- Crying — Ağlamaq
- Dreidel
- Since I Don't Have You — Sənə sahib olmadığım üçün
xüsusi yer tutur.
Onun “And I Love You So” əsəri Elvis Presley, Perry Como, Helen Reddy və başqa məşhur ifaçılar tərəfindən də oxunub. Maklin əsasən folk, folk-rok, pop və country üslublarında fəaliyyət göstərib. Onun yaradıcılığının əsas xüsusiyyəti sadə melodiyalarla yanaşı, tarixi hadisələrə, insan taleyinə, tənhalığa və həyatın dəyişməsinə toxunan poetik mətnlərdir.
2004-cü ildə Songwriters Hall of Fame-ə daxil edilib. 2012-ci ildə BBC Radio 2 Folk Awards Lifetime Achievement Award mükafatına layiq görülüb. 2021-ci ildə isə Hollivudun Walk of Fame-ində ulduzla təltif olunub. Don Maklinin mahnıları sonrakı nəsillərin sənətçiləri tərəfindən də ifa edilib. Onun əsərlərindən Madonna, Garth Brooks, Josh Groban, Drake və “Weird Al” Yankovic kimi sənətçilər istifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2026)


