Bir əsgərin şəhadətindən doğan nəğmə: "Yada sal məni" Featured

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan musiqi mədəniyyətinin ən sarsıdıcı əsərlərindən olan, 1992-ci ildə işıq üzü görmüş "Yada sal məni" mahnısı, bəzilərinin zənn etdiyi kimi romantik bir ayrılıq hekayəsi deyil, Birinci Qarabağ müharibəsinin qaynar səngərlərindən, bir gənc döyüşçünün vaxtsız şəhadətindən bəhs edən real yaşanmış bir hadisənin səsli abidəsidir.

 

Salyan kazarmasındakı igid

Mahnının əsl yaranma impulsu Xalq artisti Mübariz Tağıyevin birbaşa şahid olduğu acı hərbi xatirəyə söykənir. 1992-ci ildə Mübariz Tağıyev və görkəmli cazmen Rafiq Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı cəbhəyə yollanacaq əsgərlərimizə mənəvi dəstək üçün hərbi hissələrdə davamlı konsertlər verirdi.

Mübariz Tağıyev həmin günü belə xatırlayır:

"Salyan kazarmasında əsgərlər qarşısında növbəti konsertimizi verirdik. Konsert bitən kimi o uşaqlar birbaşa cəbhə xəttinə, döyüşə yola düşəcəkdilər. Orada bir gənc əsgər var idi. Əlində üçrəngli Azərbaycan bayrağını elə bir coşqu, elə bir fədakarlıq və ürəklə dalğalandırırdı ki, hamımızın diqqətini çəkdi. Onun vətənpərvərliyi və gözlərindəki o alov yaddaşımıza həkk olundu".

 

Qara xəbər və ürək parçalanması

Bir müddət sonra musiqiçilər yenidən həmin hərbi hissəyə qayıdırlar. Mübariz Tağıyev gözləri ilə həmin coşqu ilə bayraq yelləyən gənc əsgəri axtarır və komandirlərdən onun harada olduğunu soruşur. Cavab isə qısadır: "O oğlan cəbhəyə gedən kimi şəhid oldu..."

Bu xəbər Mübariz Tağıyevə və Rafiq Babayevə o qədər kəskin mənəvi təsir göstərir ki, onlar daxilən sarsılırlar. Səngərdə can verən, cismən yox olan, lakin yaddaşlarda yalnız vətən sevgisi ilə qalan o adsız əsgərin xatirəsini yaşatmalı olduqlarını hiss edirlər.

 

Üç sənətkarın görüşü və mahnının ərsəyə fəlməsi

Həmin ağır dövrdə Mübariz Tağıyev başqa bir layihə üçün bəstəkar Eldar Mansurovun evinə gedir. Təsadüfən həmin vaxt Cənubi azərbaycanlı şair Piruz Dilənçi də bəstəkarın qonağı olur. Mübariz Tağıyev indicə aldığı şəhid xəbərini, Salyan kazarmasındakı bayraqdar oğlanın acı taleyini böyük kövrəkliklə hər iki sənətkara danışır.

Bu real hərb dramından təsirlənən Piruz Dilənçi cibindən bir vərəq çıxararaq yeni yazdığı şeiri təqdim edir. Şeirin ilk misraları: "Gedirəm bu axşam, gedirəm gülüm, gedirəm gəlməsəm, yada sal məni" sətirləri məhz ölümə, vətən müharibəsinə gedən, bəlkə də heç vaxt geri qayıtmayacaq o cəsur əsgərin bütöv bir xalqa, anaya və vətən torpağına ünvanladığı son vəsiyyəti kimi səslənir.

Eldar Mansurov dərhal pianonun arxasına keçərək həmin anın gətirdiyi kədər və qətiyyətlə mahnını bəstələyir. Beləliklə, mahnı kommersiya və ya adi bir musiqi nömrəsi kimi yox, birbaşa şəhid olmuş o gənc əsgərin xatirəsinə mənəvi borc olaraq doğulur.

 

Əsl qayə: səngər, sükut və vətən nidası

Mahnı bütövlükdə döyüşçünün canından keçmək fəlsəfəsi üzərində qurulub. Nəqarət öncəsi səslənən:

"Bürüyüb göyləri indi çən, duman,

Torpaq dilə gəlib aman, ay aman!

Vətən gözü yaşlı qalsa o zaman..."

misraları 1992-ci ilin Qarabağ cəbhəsindəki o ağır çən-dumanı, top-tüfəng səsini və torpağın imdad çağırışını tam dəqiqliyi ilə əks etdirir. Əsgər bilir ki, o getməsə Vətən məhv olacaq. Bu səbəbdən o, "gedirəm gəlməsəm, yada sal məni" deyərək xalqından yalnız bir şey istəyir: unutmamaq.

Mahnı məhz bu təmiz və dəqiq hərbi tarixçəyə sahib olduğu üçün 2020-ci ilin Vətən müharibəsində də şəhidlərimizin əsas pley-listinə çevrilmiş və onların səsli vəsiyyətnaməsi kimi tarixə düşmüşdür.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.