İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Necə yəni, tanımadınız. Tez YouTube-də adını və “Nastlji” (“Natali”) mahnısını yazın. Bu mahnını eşidib sevməyən əsla tapılmaz…
Julio Iglesias (Xulio İqlesias) — İspaniyanın ən məşhur müğənni və bəstəkarlarından biri, romantik pop və latın musiqisinin dünya miqyasında ən tanınmış simalarındandır. O, 23 sentyabr 1943-cü ildə Madrid şəhərində anadan olub. Tam adı Julio José Iglesias de la Cuevadır. Onilliklər ərzində ispanca ilə yanaşı müxtəlif dillərdə mahnılar oxuyaraq beynəlxalq şöhrət qazanıb.
Julio Iglesias musiqiyə birbaşa başlamayıb. Gəncliyində onun əsas maraqlarından biri futbol olub.O, qapıçı kimi çıxış edib və Real Madridin gənclər sistemində futbol oynayıb. Lakin 1963-cü ildə baş verən ağır avtomobil qəzası onun həyatını tamamilə dəyişib. Qəza nəticəsində ciddi xəsarət alan Iglesias bir müddət hərəkət etməkdə çətinlik çəkib. Sağalma dövründə gitara çalmağa və mahnılar yazmağa başlayıb. Məhz bundan sonra onun musiqi dünyasına yolu açılıb. Maraqlı məqam odur ki, o, musiqi karyerasından əvvəl hüquq təhsili də alıb.
1960-cı illərin sonlarında Iglesias peşəkar müğənni kimi tanınmağa başlayıb. 1968-ci ildə Benidorm Beynəlxalq Mahnı Festivalında qalib gəlməsi onun İspaniyada tanınmasına böyük təkan verib. 1970-ci ildə isə İspaniyanı Eurovision Mahnı Müsabiqəsində təmsil edərək dördüncü yeri tutub. Bundan sonra onun adı tədricən İspaniyadan kənarda da məşhurlaşmağa başlayıb.
1970-ci illərdə Julio Iglesias Avropa, Latın Amerikası və daha sonra ABŞ musiqi bazarına uğurla daxil olub. Iglesiasın əsas xüsusiyyəti yalnız ispanca oxumaqla kifayətlənməməsi olub. O, 14 dildə mahnılar səsləndirib və bununla musiqisini dünyanın müxtəlif ölkələrindəki dinləyicilərə çatdırıb. Onun repertuarında romantik balladalar, pop mahnıları və latın musiqisinin müxtəlif üslubları mühüm yer tutur.
Rəsmi məlumatlara görə, Iglesiasın albomları və yazıları dünya üzrə 300 milyondan çox satılıb. O, həmçinin müxtəlif ölkələrdə milyonlarla tamaşaçı qarşısında çıxış edib. Bu səbəbdən Julio Iglesias musiqi tarixində ən çox satılan latın musiqisi ifaçılarından biri hesab olunur.
Onun uzun karyerası ərzində çoxlu məşhur mahnılar meydana gəlib. Ən çox tanınan əsərlərindən bəziləri:
“Me Olvidé de Vivir”
“Hey!”
“Amor”
“Soy un Truhán, Soy un Señor”
“La Carretera”
“Baila Morena”
“Begin the Beguine”
“To All the Girls I've Loved Before”
“All of You”
“Crazy”
“Nathalie”
“Manuela”
“Un Hombre Solo”
Xüsusilə “To All the Girls I've Loved Before” mahnısı onun amerikalı kantri müğənnisi Willie Nelson ilə əməkdaşlığı nəticəsində böyük uğur qazanıb.
Albomları
Julio Iglesias çoxsaylı albomlar buraxıb. Onun mühüm albomlarından bəziləri:
Yo Canto (1969)
El Amor (1975)
A México (1975)
Emociones (1978)
Hey! (1980)
De Niña a Mujer (1981)
Momentos (1982)
1100 Bel Air Place (1984)
Un Hombre Solo (1987)
Tango (1996)
La Carretera (1995)
Noche de Cuatro Lunas (2000)
Divorcio (2003)
Onun “Tango”, “La Carretera”, “Hey!” və digər albomları müxtəlif ölkələrdə böyük kommersiya uğuru əldə edib.
Julio Iglesiasın beynəlxalq uğurlarının mühüm göstəricilərindən biri Grammy mükafatıdır. O, 1988-ci ildə “Un Hombre Solo” albomu ilə Best Latin Pop Performance kateqoriyasında Grammy qazanıb. Grammy-nin rəsmi məlumatına görə, Iglesiasın ümumilikdə 1 Grammy qələbəsi və 7 Grammy nominasiyası var
Bundan əlavə, 2019-cu ildə Recording Academy Lifetime Achievement Award — ömürboyu yaradıcılıq nailiyyətlərinə görə verilən nüfuzlu mükafata layiq görülüb. 2001-ci ildə Julio Iglesias “Person of the Year” — “İlin şəxsiyyəti” adına layiq görülüb. Bu mükafat onun musiqiyə və latın mədəniyyətinin dünyada tanıdılmasına verdiyi töhfələri qeyd edirdi
2019-cu ildə isə Recording Academy tərəfindən Lifetime Achievement Award ilə təltif olunması onun uzunmüddətli beynəlxalq karyerasının daha bir mühüm təsdiqi olub. Julio Iglesiasın musiqisini fərqləndirən əsas xüsusiyyətlər romantizm, sakit vokal üslubu, emosional ifa və sevgi mövzularıdır.
Onun mahnılarında əsasən:
sevgi və ayrılıq,
keçmiş münasibətlər,
həsrət,
romantika,
həyat xatirələri,
qadın və kişi münasibətləri
kimi mövzulara rast gəlinir.
İglesiasın səsi və ifa tərzi xüsusilə romantik ballada janrı ilə əlaqələndirilir. O, böyük vokal nümayişindən daha çox, mahnının emosional tərəfini ön plana çıxaran ifaçı kimi tanınıb.
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)


