Aytən İsmixanova – istedadın ünvanı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakının mərkəzi klinikaların birində Tamilla xanım müalicə alarkan mərhum bəstəkarımız Süleyman Ələsgərovla tanış olur. Qızının istedadı haqqında ona danışanda bəstəkarımız balaca qızcığazla tanış olmaq istəyir.  Beləcə, Tamilla xanım balaca Aytəni Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına professor Süleyman Ələsgərovun yanına aparır. Professor Aytəni dinlədikdən sonra anasına deyir:

 "Bu qızın yeməyini, içməyini piano arxasına gətirin ki, o daim məşğul olsun! Bu uşağın çox böyük gələcəyi var!".

Beləcə bu istedadlı qızın ilk xeyir-duası verilir.

 

Aytən Nuru qızı İsmixanova 1968-ci ilin 3 sentyabr tarixində Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi olduğundan valideynləri ona kiçik bir elektropiano alıb. Bu pianoda Aytən eşitdiyi musiqiləri dəqiqliyilə təkrar edəndə hamı təəccüblənib. Qonşuluqda iki bacı Asəf Zeynallı adına musiqi texnikumunda təhsil aldığından Aytən ifalarını dinləmək üçün tez-tez onlara qonaq gedib. Evə qayıdanda o, eşitdiklərini dərhal öz pianosunda təkrar edib.

1974-cü ildən Aytən İsmixanova musiqilə ciddi məşğul olmağa başlayıb. Əvvəl Asəf Zeynallı adına musiqi texnikumuna bir il hazırlığa gedib, sonra isə 1975-ci ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbinə əla nəticələrlə daxil olub. 1975-1986-cı illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Aytən İsmixanova Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsinə ən yüksək balla daxil olub.

Burada o, professor Fəridə Quliyevanın sinfində öz istedadını inkişaf elətdirib. Fəridə xanım Tofiq Quliyevin doğma bacısı olduğundan Aytənin öz əsərlərini ona dinlətdirib və xahiş etdi ki, Tofiq müəllim onunla bəstəkarlıqdan məşğul olsun. Lakin Fəridə xanım təəssüflə: “ Tofiq müəllim xəstədir və artıq heç kimlə məşğul ola bilmir”, - deyə Aytəni Dmitri Şostakoviçin yetirməsi olan professor Cövdət Hacıyevin yanına aparıb.

Həmin ildən Aytən bəstəkarlıq fakültəsində də təhsilini almağa başlayıb. Bu illərdə Aytən fortepiano, skripka, klarnet, kamera orkestri  üçün bir sıra əsərlər, trio və kvartetlər yaradıb. 1991-ci ildə Aytən İsmixanova Konservatoriyanı fərqlənmə diplomu ilə bitirib və musiqi müəllimi kimi fəaliyyətə başlayıb. Əvvəl 2 saylı musiqi məktəbində, sonra isə öz doğma Bül-Bül adına orta ixtisas musiqi məktəbində müəllim işləyib.

Həmin illərdə o, Tofiq Quliyevin bir neçə mahnılarını 2 fortepiano üçün işləyir. Korifey bəstəkarımızın 70 illik yubileyində “Qızıl üzük” mahnısını 2 fortepiano üçün işləməsini ifa edəndə Aytəni Tofiq müəllim şəxsən özü tərifləmiş və həmin işləmə çox xoşuna gəldiyini etiraf edib. Aytən bəlkə də Tofiq Quliyevi və onun mahnılarını çox sevdiyindən özü də mahnı yazmağa daha çox üstünlük verirdi. Beləliklə, onun ilk ifa olunan “Vəfasızım” adlı mahnısı olub.

Həmin ildə Vaqif Gərayzadənin rəhbərliyi altında “Aypara”qrupunun ilk albomu olan "Oriental" işıq üzü görüb. Bu alboma Aytən İsmixanovanın “Mənzərə” adlı instrumental əsəri daxil edilib. Aytən İsmixanova Respublikanın Əməkdar artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ilə birgə İndustrial Muğam layihəsini işləyib və milli sərvətimiz olan muğamımızın 7 əsas muğamını yeni müasir tərzdə aranjiman edib

Aytən İsmixanova “Dəyirman” qrupunun Az@rimeyk və Qurd adlı ilk 2 albomunun müəllifidir. Onların ifasında vətənpərvərlik mövzusunda olan “Ya Qarabağ, ya ölüm!” mahnısı bəstəkarın fəxr etdiyi əsəridir. Aytən İsmixanova 2012-ci ildə Bakıda keçirilən FİFA U-17 qadınlararası futbol üzrə Dünya çempionatının bağlanış mərasimi üçün musiqi bəstələyib.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, AtaHolding-in dəstəyi və Peachline şirkəti tərəfindən Ü. Hacibəyovun eyniadlı operettası əsasında 1945-ci ildə şəkilmiş rejissor Rza Təhmasibin “Arşın mal alan» filminin bərpasında və rənglənməsində fəal iştirak edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya həsr olunmuş "Ölkəmizi tanıyaq" adlı mahnının həm musiqisi, həm sözlərinin müəllifidir.

2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycanı Belarusun paytaxtı Minskdə təmsil edən Fidan Hüseynovanın ifa etdiyi mahnının Azərbaycan dilindəki versiyasının sözlərini yazıb. 2018-ci ildə Tanınmış müğənni Emin Ağalarovun "Живи, родной Азербайджан" mahnısının Azərbaycan dilindəki versiyasının sözlərini yazıb. 2019-cu ilin 30 iyununda Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dünyaşöhrətli musiqiçi Sami Yusufun ifa etdiyi "Azərbaycan" mahnısının sözlərinin müəllifi olub.

 

Filmoqrafiya

- Məhəllə

- Məhəllə 2

- Moskva-Bakı qatarı

- Ayna

- Biz qayıdacağıq

- Şəhidliyin zirvəsi

- "...Azərbaycanlı olmaq böyük şərəfdir!"

- Həddən artıq uyğunluq

- Məhəllə 3

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.