Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, Sovetlər dönəmində aşıqlar ənənəvi gül-bülbüldən, açiq-məşuqdan deyil, həm də kommunizm quruculuğundan, Lenin babadan, işıqlı sabahlardan oxuyardılar. Belə aşıqların sinələrini orden və medallar bəzəyərdi və bu sırada həmişə Aşıq Pənah öndə gələrdi. O əsl kommunist aşıq idi.
Azərbaycan Yazıçılar İttifaqının üzvü Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulub. 1948-ci ildən aşıqlıq edib. Sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edib, 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələyib. Eyni zamanda mahnılar da bəstələyib, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edib.
2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir. 1952-ci ildə "Kür" Aşıqlar Ansamblını təşkil edib. Ansamblın tərkibində Aşıq Qurban Sadıqov, Aşıq Kamil Zülfüqarov, Aşıq Bəylər Qədirov, Aşıq Valeh Quliyev, balabançılardan Manaf Məmmədov, Əlyar Zahidov və başqaları kimi sənətkarlar olub.
Əsərləri
1. Saz və söz
2. Məhəbbətdən danışaq
3. Təzə söz, təzə mahnı
4. Mənim sazım (şeirlər)
Filmoqrafiya
- Böyük dayaq
- Aşıq Pənah
26 avqust 1978-ci ildə vəfat edib. Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilib. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.08.2026)


