İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün tarzən, Azərbaycan SSR əməkdar artisti Baba Salahovun anım günüdür. Onun tarla solo ifaları əlbət ki yaşlı nəslin yaddaşından çıxmaz. Lent yazılarından görürük ki, onun əlində bu çalğı aləti sanki canlıydı, danışırdı...
Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olub. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənib. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olub. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik edib.
Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət edib.
Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılıb. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Mükafatı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
Lalə Azəri görkəmli tarzən barədə yazır:
Tar ifaçılığı sənətindən söhbət düşəndə böyük tarzən Sadıqcandan üzü bu yana sənət tariximizdə iz qoyan onlarla ustadın adını çəkə bilərik. Bu gün də Azərbaycanda tar ifaçılığında görkəmli sənətkarlar fəaliyyət göstərirlər və hər birinin musiqi mədəniyyətimizdə öz xidməti var.
Əməkdar artist, tarzən, musiqi təşkilatçısı Baba Salahov da belə unudulmaz sənətkarlardan biridir. Uzun illərdir ki, televiziya ekranlarından konsertlər zamanı aparıcıların təqdimatında “Çıxış edir Baba Salahov adına “Araz” Xalq çalğı alətləri ansamblı” ifadəsini eşidirik. Bəli, bu il qocaman ansamblı yaradan, uzun illər həm pedaqoji, həm də ifaçı kimi sənətə xidmət edən tarzənin 103 illik yubileyidir.
Akademik Rafael Hüseynov Azərbaycan Radiosunda tarzənlə bağlı verilişlərinin birində onu belə təsvir edir:
“Elə görkəmindən ziyalılıq yağırdı. Gözlərində qalın sağanaqlı eynək, sifətində həmişə daxili təmkinini nişan verən ciddi ifadə, hərəkətləri, danışığı, rəftarı sahmanlı, ölçülü-biçili. Tanımayan olsa, ilk baxışdan onu bir alim, təcrübəli müəllim, oturuşmuş qələm sahibi zənn edərdi.
Amma istedadlı, qabiliyyətli və elə o qədər də təvazökar, özünü diqqət mərkəzinə çəkmək duyğusundan, şöhrət hisslərindən çox uzaq olan bu sadə insan musiqiçi idi, tarzən idi və onu bütün Azərbaycan tanıyırdı”.
Xalq artisti, tarzən Ağasəlim Abdullayev deyir ki, bu gün sənətdə tanınmağında, Xalq artisti tituluna qədər yüksəlməyimdə Baba müəllimin əməyi danılmazdır:
“Çox gözəl sənətkar və insan idi. Baba müəllimi xatırlayanda ötən əsrin 60-70-ci illəri yadıma düşür. Onu qiyabi olaraq musiqi məktəbində təhsil aldığım illərdən televiziya vasitəsilə tanıyırdım. O zaman Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri idi.
Belə bir mötəbər ansamblın konsertmeysteri olmaq da hər ifaçıya nəsib olmur. Baba Salahov çox savadlı idi. Not yazılan kimi əzbərə ifa edirdi. Sonra tale elə gətirdi ki, o vaxtkı Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunanda onu tez-tez üzbəüz görməyə başladım.
Həmin texnikumda dərs deyirdi. 1969-cu ildə məni rəhbəri olduğu kollektivə dəvət etdi. Bu ansambla gələndən sonra bizim ata-oğul münasibətlərimiz başladı. O vaxt üçüncü kursda təhsil alırdım... Belə insanlar heç zaman unudulmazlar. Kim ki sənə yaxşılıq edir, gərək onu hər zaman ehtiramla yad edəsən.
Baba müəllim mənə hədsiz yaxşılıqlar edib. Həftədə bir dəfə ansamblla konsertlərimiz olurdu və hər zaman da mənə solo hissələrdə yer verirdi. Bu solo və televiziyada ansamblla çıxışlarımla da, demək olar ki, məni xalqa tanıtdı”
Möhlət müəllim sonradan həmin ansambla rəhbər təyin edilməsindən də danışır:
“Baba Salahov 1981-ci ildə dünyasını dəyişəndən sonra ansambla mən rəhbərlik etməyə başladım. Hazırda fəaliyyətdə olsaq da, müəyyən səbəblərdən gec-gec konsertlərə çıxırıq. Çalışıram ki, ustadımın adı “Araz” Xalq çalğı alətləri ansamblı ilə hər zaman qoşa səslənsin. Azərbaycanda elə bir xanəndə yoxdur ki, Baba müəllimin ansamblı ilə ifa etməsin. Tələbələri də çox idi.
Onlardan bəziləri musiqi kolleclərində direktor, bəziləri də tanınmış tarzən kimi fəaliyyətlərini davam etdirdilər. Şəxsiyyət kimi də nümunəvi insan idi. Çox sadə, təmkinli və mədəni insan idi. Heç unutmuram. Hətta məşq zamanı bir neçə dəfə səhv edən musiqiçiyə belə əsəbiləşəndə özünəməxsus şəkildə “ay, çox sağ ol” ifadəsi işlədərdi. Çox böyük hörmət sahibi idi...”.
Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat edib.
Baba Salahov sənəti mədəniyyət tariximizin unudulmayan səhifələrindən biridir. Bu gün sənətkarın adı həm də Buzovna qəsəbəsində bir küçədə yaşadılır
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.08.2026)


