İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. Elə bu da bəs edib ki, Azərbaycan musiqi sənətgi tarixinə Arif Babayev adı qızıl hərflərlə yazılsın.
Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb
Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.
1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verib. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur.
Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib, onları böyük ifa edib. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub
1978-ci ildə"Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adını alıb. O, 1998-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Bundan əlavə Xalq artisti "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı, "Şərəf" ordeni alıb. 2 il öncə o, Azərbaycan Prezidentinin fəxri diplomuna, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 2025-ci il mayın 8-də isə Heydər Əliyev mükafatına layiq görülüb.
“Xalq qəzeti” ilə “Ulduz” ədəbi-bədii jurnalının “Xalq qəzeti” TV ilə yayımlanan və qəzetdə təqdim edilən “Ayrı söhbət” layihəsində “Ulduz”un baş redaktoru Qulu Ağsəsin qonağı Arif Babayev olanda heç kim bilmirdi ki bu, ustadın son müsahibəsi olacaq.
– Arif müəllim, xoş gördük, necəsiniz?
+Xoş gəlmisiniz. Səsim biraz zəifləyib, qalan hər şey yaxşıdır. Çox şad oldum gəlişinizə.
– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.
+Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.
– Siz ömrünüzü idmançı kimi yaşamısınız. Necə ki, idmançı öz formasını qoruyur, siz də səsinizi saxlamaq üçün sağlam həyat sürmüsünüz. Nə gəldi yeməmisiniz, vaxtında yatıb-durmusunuz, səsinizə qulluq etmisiniz.
+Dedikləriniz tamamilə doğrudur, səsi səhnədə əsgər kimi qorumaq lazımdır.
– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısısız. Hansısa bir məclisdə sizdən aşıq havası oxumağı istəyən olubmu?
+Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda, sanki, özümlə danışıram.
– Operada aşıq rolu da oynayanda, yəqin oxumusunuz da...
+Bəli, baş rollardan biri olan Aşıq Qəribi oynamışam və aşıq kimi oxumuşam.
– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?
+Sərvər İbrahimov, Həsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.
– Arif müəllim, çox sağ olun ki, bizə kifayət qədər vaxt ayırdınız.
+Siz də çox sağ olun ki, gəldiniz. Səhhətimdə narahatlıq olsa da sizi görməyimə çox şad oldum.
– Bir daha təşəkkür edirik.
Arif Babayev iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. 1 avqust 2025-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.08.2026)


