İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qazaxrayonusazənməskənisayılır. Burada dünyaya gələn hər bir oğlan uşağı saza maraq göstərir, dərnəyə, ustad yanına gedir, bu qədim el alətinin sirlərinə bələd olmağa çalışır. Amma bu gün biz Qazağın ustad tar ifaçısından danışacağıq, Düzdür, o musiqi təhsilini Bakıda alıb. Ancaq bu, heç nəyi dəyişmir.
Mustafa Aşurov 31 iyul 1991-ci ildə Qazax rayonunda anadan olub. 1997-ci ildə Bakı şəhəri Bağça-Məktəb-Lisey kompleksinin Gültəkin Əsgərova adına 200 saylı orta məktəbinin I sinfinə gedib. 2001-ci ildə L.və M. Rostropoviçlər adına 21 saylı, 11 illik musiqi məktəbinin "Xalq çalğı alətləri" şöbəsinin tar ixtisası üzrə l sinfinə qəbul olub. Həmin dövrdən etibarən səhnə fəaliyyətinə başlayıb.
2008-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirib. 2008–2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında tar ifaçılığı ixtisası üzrə təhsil alıb. 2013–2015-ci illərdə isə Milli Konservatoriyada dirijorluq ixtisası üzrə magistr dərəcəsi alıb. Bakalavr və magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.
Mustafa Aşurov professional səhnə fəaliyyətinə 2003-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında W. A. Mozartın "Rondo" əsəri ilə başlayıb. Eyni il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə Xalq artisti Hacı Xanməmmədovun tar ilə orkestr üçün 4 saylı konsertini ifa edib.
2004-cü ildə isə tar ilə orkestr üçün 1 saylı konsertini müvəffəqiyyətlə təqdim edib. 2005-ci ildə Mustafa Aşurov bir sıra musiqi müsabiqələrində fərqlənmişdir. O, Xalq artisti tarzən Hacı Məmmədov adına keçirilən VII Bakı musiqi müsabiqəsində I dərəcəli diplom qazanaraq müsabiqənin laureatı olub.
Eyni ildə "Oxu tar-2005" I Bakı müsabiqəsi, Bəhram Mansurov adına Muğam müsabiqəsi və "Pöhrə-2005" Respublika baxış müsabiqəsində də I dərəcəli diploma layiq görülərək laureat adını qazanıb. 2008-ci ildə isə Xalq Çalğı Alətləri üzrə Respublika Müsabiqəsində laureat adını qazanaraq I yerə layiq görülüb.
2005-ci ildə Kiyev şəhərində keçirilən Beynəlxalq Delfi oyunlarında Mustafa Aşurov "Milli musiqi alətləri" nominasiyası üzrə "Qızıl medal"a layiq görülüb və beynəlxalq müsabiqənin qalibi olub. O, Çaykovski adına Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin "Qala konserti"ndə Tofiq Quliyevin "Qaytağı" əsərini ifa edib.
2006-cı ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Dünya gənclərinin musiqi festivalı"nda Azərbaycanı təmsil edib, finalda çıxış etmək hüququ qazanan yeganə solist ifaçı olub. O, festivalda solo konsert proqramları ilə çıxış edib.
2007-ci ildə isə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və himayədarlığı ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Parisin mərkəzində yerləşən Sent-Mari Madlen kilsəsində geniş konsert proqramı təqdim edib.
Konsertdə Mustafa Aşurov tarda solo ifa ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 iyun 2007-ci il tarixli Sərəncamı ilə Mustafa Aşurovun adı Azərbaycan Respublikasının gənc istedadlarının "Qızıl Kitabı"na daxil edilib və o, Prezident təqaüdünə layiq görülüb.
2008-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Beynəlxalq turizm" sərgisində Azərbaycan muğamları, xalq mahnıları və rəqslərini ifa edib, mart ayında Almaniyada keçirilən "Azərbaycan ilinin" açılış tədbirlərində çıxış edib. May ayında UNESCO-nun Paris şəhərində yerləşən mənzil qərargahında və Strasburq şəhərlərində, eləcə də Belçikanın Brüssel şəhərində keçirilən konsertlərdə solist və trio üzvü kimi iştirak edib.
Eyni ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən "Prezident təqaüdçülərinin" konsertində Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib, sentyabr ayında İsveçin Stokholm şəhərində Gənclər Dövlət Simfonik orkestrinin müşayiəti ilə solist kimi performans sərgiləyib. 2009-cu ildə Niderlandın Haaqa şəhərində, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Dövlət Gənclər Kamera Orkestrinin müşayiəti ilə solist və trio tərkibində səhnə alıb.
Həmin ildə Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində "Azərbaycan Mədəniyyəti Günləri" çərçivəsində solo ifa ilə çıxış edib. Mustafa Aşurov 2013/2014-cü tədris ilində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyət göstərib, 2015-ci ildən 2024-cü ilin sentyabrına qədər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi vəzifəsində çalışıb.
2017-ci ildən 2023-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radiosu, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin dirijoru olub. Bu dövrdə Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Akademik Filarmoniyasında müxtəlif konsert proqramlarını idarə edib.
Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərova həsr olunan yubiley və yaradıcılıq gecələrində, Mikayil Müsfiqə həsr olunan "Müşfiqli dünya" ədəbi-bədii gecədə, eləcə də Xan Şuşinski və Şövkət Ələkbərovanın xatirə gecələrində ifa olunan əsərlərin dirijorluğunu həyata keçirib. Mustafa Aşurov 2016-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və müəllim, 2021-ci ildən isə baş müəllim vəzifəsində çalışır.
O, hər il Bakıda keçirilən Mstislav Rostropoviç Festivalında, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında və TÜRKSOY-un Azərbaycanda keçirilən yubiley tədbirlərində iştirak edib. Həmçinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəvəti ilə qonaq dirijor kimi müxtəlif solo konsert proqramları ilə çıxış edib.
2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri" çərçivəsində təşkil olunmuş qala konsertində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə tərkibindən yaradılmış orkestrə dirijorluq edərək geniş konsert proqramı ilə çıxış edib
2025-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından biri Tofiq Quliyevin yaradıcılığına həsr olunan konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijorluq etmək Mustafa Aşurova həvalə olunub.
Mustafa Aşurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamlara əsasən 2024, 2025, 2026-cı illərdə Prezident mükafatına layiq görülüb.
23 noyabr 2023-cü ildə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin edilib. Bu vəzifədə çalışdığı dövrdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini orkestr üçün işləyib, həmçinin tarda solo ifalarını orkestrin müşayiəti ilə təqdim edib.
O, mütəmadi olaraq dövlət tədbirlərində orkestr ilə çıxış edib. 16 fevral 2026-cı ildə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin əmri ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru təyin edilib.
Mükafatlar
- Xalq artisti tarzən Hacı Məmmədov adına VII Bakı musiqi müsabiqəsi — 1-ci dərəcəli diplom, laureat
- Bəhram Mansurov adına Muğam müsabiqəsi — I dərəcəli diplom, laureat
- "Oxu tar-2005" I Bakı müsabiqəsi -I dərəcəli diplom, laureat
- "Pöhrə-2005" Respublika baxış müsabiqəsi — I dərəcəli diplom, laureat
- Beynəlxalq "Delfi" oyunları, Kiyev — "Milli musiqi alətləri" nominasiyasında "Qızıl medal"
- Azərbaycan Respublikası Gənc İstedadların "Qızıl Kitab"ına daxil olunub və Prezident Təqaüdü
- Xalq Çalğı Alətləri üzrə Respublika Müsabiqəsi — I dərəcəli diplom, laureat
- Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərov adına mükafat, laureat
- IV Respublika muğam müsabiqəsi, laureat
- Prezident Mükafatçısı
“Ədəbiyyat və incəsənət”
(31.07.2026)


