İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan mediasında mədəniyyət ən lüzumsuz mövzuya çevrilib. Yalnız şou-biznesdən yazılır. Tək-tük ədəbi və kino nəşrləri də öz profil sahələrini təbliğ edir. Vəssalam. Balet, opera, rəngkarlıq, memarlıq, teatr – bax bu sahələrdən yalnız bizlər yazırıq. Düşünürük ki, biz də palaza bürünüb ellə sürünməyək, əsl mədəniyyətə xidmət edək.
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurub, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış edib, kinofilmlərdə rol alıb. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub.
25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirib, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat edib.
2017-ci ilin noyabrında Azərbaycan Dövlət Teatr Muzeyində Xumar Zülfüqarovanın 90 illik yubileyi qeyd olunub.
Filmoqrafiya
- Arşın mal alan
- Fətəli xan
- Məmlük
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Şöhrət" ordeni
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)


