İerosximonax Simona çevrilən azərbaycanlı şair-bəstəkar Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Az tanınmışlar rubrikasında bu gün sizlərə Azərbaycan-sovet şairivə bəstəkarı OneginHacıqasımovbarədə danışmaq istəyirəm. Onun sağlığında necə böyük zirvələr fəth etdiyini eşidəndə isə təəccüblənəcəksiniz.

 

Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirib, 1940-cı illərədək NKVD-də işləyib. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 4 iyun 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırıb.

Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırıb.

Oneginortaməktəbdə dünyaklassiklərininbir çoxəsərlərinioxuyur. 11-12 yaşında şeirlər yazmağa başlayır. İlk şeirlərini də anasına göstərir. Anası balaca Oneginin şeir yazmağının bir uşaqlıq həvəsi olduğunu düşünür. Elə atası da övladının həkim olmasını arzulayır. Amma günlərin bir günü orta məktəbi bitirib attestat alan Onegin Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur.

Deyilənə görə, Oneginin qaldığı yataqxanaya demək olar ki, hər gün milis naryadı gələrmiş. Dostları ilə hər gün poeziya məclisi düzəldən Genanın (onu belə çağırırmışlar) yataqxanadakı otağı həmişə səsli-küylü olur. Tələbə yoldaşı Mixail Buzıkin xatırlayır ki, onun otağından siqaret tüstüsü və çaxır şüşələri əskik olmazmış.

“Gena durmadan yazırdı. Biz ona heyran qalmışdıq. İnsanda bu qədər enerji haradandır? Bütün institut hər axşam onun balaca otağına yığışırdı. Səhərəcən şeir deyirdi. O, həm də çox gözəl parodiyaçı idi. Hətta Xruşovu belə parodiya etməkdən çəkinmirdi. Yataqxananın komendantı hər axşam azı 10 dəfə otağa gələrdi ki, sakit olaq. Milis də bizdən əl çəkmirdi. İnstitutda isə bizi Oneginin fitri istedadı və rəhbərlik tərəfindən ona qoyulan hörmət xilas edirdi. Ona istedadına görə dözürdülər”.

Onegin birinci kursdan tələbə yoldaşı Anatasiyaya dəli kimi vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir.

 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar. 1970-ci ildə 33 yaşında ikən Oneginin müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda 15 milyon ədəd val satılır. Bu valda sovet pop musiqisinin hitləri cəmlənir. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində mağazalardan yoxa çıxır, satılıb qutarır.

Bu günə qədər də bu rekord həcmdə disk və ya plastinka çıxarmaq heç bir müğənniyə nəsib olmayıb, heç bir nəğməkar-şair bu rekordu üstələməyib. Sən demə, ən azı bu faktın özü, ətrafındakılarda ona qarşı qısqanclıq yaradırmış.

1960-1980-ci illərdə Polad Bülbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Valeri Obodzinski, Aida Vedişşeva, Müslüm Maqomayev, Rəşid Behbudov, Oqtay Ağayev kimi müğənnilər, “Qaya” Vokal İnstrumental Ansamblı, “Vesyolıye rebyata” qrupu və bir çox başqaları Onegin Hacıqasımovun mahnılarını ifa edib.

Yeri gəlmişkən, Oqtay Ağayevin oxuduğu “Kimsən sən”, Polad Bülbüloğlunun ifa etdiyi “Sevimli diyar”, “Sevincim Bakı”, “Xalidə” kimi mahnıların sözlərinin müəllifi də Hacıqasımovdur. Bundan başqa, “İyirmialtılar” (1966), “Ulduzlar sönmür” (1971), “Mən mahnı qoşuram” (1979), “Musiqi müəllimi” (1983) filmlərindəki mahnıların bir çoxunun sözlərinin müəllifi Onegin Hacıqasımovdur.

 

Filmoqrafiya

- İyirmialtılar (film, 1966)

- Ulduzlar sönmür (film, 1971)

- Mən mahnı qoşuram (film, 1979)

- Musiqi müəllimi (film, 1983)

 

Azərbaycandan tutmuş, Moskvaya qədər hamı onu avaranın, sərgərdanın biri kimi təqdim etməkdən zövq alır, ləkələməyə çalışır, istedadını qısqanırlar. Ondan donos yazırlar, deyirlər ki, partiyaya aid şeir yazmır, burjua həyat tərzi sürür, sovet əxlaqına lağ edir. Hətta bir nəfər yuxarılara yazır ki, o, ümumiyyətlə dəlidir. Bundan sonra işlədiyi yerə komissiya göndərirlər ki, tibbi yoxlamadan keçsin.

Yevtuşenko eşidib, şəxsən işə qarışır, elə beləcə də deyir ki, ey siz, onun əlinə su tökməyə yaramayan bir sürü cılız məxluqlar, adam dahidir, dəli isə sizə bu tapşırığı verənlərdir.

General qızıyla ikinci izdivacı da sona çatandan sonra Onegin 3-cü dəfə dövrün tanınmış dirijoru Karbışevin qızı Tatyana ilə evlənir. Tatyanayla dostların məclisində tanış olmuşdular. Qız Moskva konservatoriyasının tələbəsi idi, atası da elə orda dərs deməklə yanaşı, Böyük Teatrda çalışırdı. Onlar bir il görüşəndən sonra evlilik qərarı verirlər.

Evlənəndən sonra isə ipə-sapa yatmaz Oneginlə məşhur qayınata arasında mübahisələr başlayır. Dirijor Onegindən təhsilini davam etdirməyi, aspiranturaya girməyi, necə deyərlər, o dövrün meyarlarına uyğun karyera qurmağı tələb edir. Onegin isə öz həyatını sürməyə davam edir.

Karbışevə isə nümunəvi kürəkən lazım idi. Çünki onun özündən də yazırdılar: tüfeyli kürəkəni var, sovet gəncliyinin əxlaqına zidd həyat tərzi sürür. Həmin vaxtlar Karbışevə SSRİ xalq artisti adı veriləcəkmiş. Amma buna ən böyük maneə isə zavalı Onegin imiş. Hətta Tanya belə Oneginə qarşı çıxır, atasının karyerasında ona ən böyük maneənin məhz bu qohumluq olduğunu açıq büruzə verir.

1980-ci illərdə Oneginin həyatında dəyişiklik baş verir. “Bibliya” əldə edir və bu kitabı oxuduqdan sonra dünyaya baxışları dəyişir. 1985-ci ildə xristianlığı – pravoslavlığı qəbul edir. Üç il sonra isə evini və ailəsini tərk edərək, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır.  Ancaq bu qəfil qərar olmur, monastıra yerləşməmişdən əvvəl Onegin Bakıya gəlir, uşaqlığının keçdiyi İçərişəhəri gəzir.

 

Bu zaman “Bibliya” onun əlində olur. Geri qayıtdıqdan sonra isə qərarını verir. Əmisi qızı Nigar danışır ki, Bakıya gələndə, onu qarşılayanda əlində Bibliya varmış. Əmim elə bilib ki, sadəcə oxumaq üçün götürüb. Amma evə gələndən sonra həmişə deyib-gülən, zarafatından qalmayan atamın davranışları əmimgili təəccübləndirib. Təsəvvür edin, elə hey günahlardan, o dünyadan, ibadətdən danışırmış.

Əmim hətta ağlayıb, göz yaşı töküb ki, qardaş, sənə nə olub? Elə bilirmiş ki, nəsə psixikasında problem var. Həkimə aparmaq istəyirmiş. Amma atam qəzəblənib. Gecəykən evdən çıxıb, üz tutub Moskvaya. Çıxanda deyib ki, siz məni heç vaxt başa düşməyəcəksiz. Oğlu Yusif deyir ki, Bakıdan qayıdan günün səhəri Moskvada, sonuncu dəfə evləndiyi həyat yoldaşıyla da eyni söhbəti edib.

 Ona deyib ki, Tanrı onu çağırır və o gedir. Yoldaşı əvvəlcə elə bilib ki, uzun illər qəbul etdiyi içkinin təsirindəndimi, ya nədi, intihar etmək istəyir. Ağlamağa başlayıb. Ayağına düşüb yalvarıb ki, onu tək qoyub heç hara getməsin. Atam onu qaldırıb, üzünü-gözünü sığallayıb, bircə kəlmə deyib: “Mənim sizlərə yazığım gəlir”.

Ailəsini tərk edəndə 49 yaşı olan Onegin, pravoslavlığı qəbul edib, Optina pustın monastırında İerosximonax Simon adını götürüb. Simon Ata burada da böyük diqqət cəlb edir, dini və dünyəvi bilikləri, gözəl natiqlik qabiliyyəti sayəsində çoxlu sayda heyranlar qazanır. İnsanlar onun söhbətlərini dinləmək üçün monastıra axın edir.

30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbirstanlığında dəfn olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.