Teatr musiqisinə həsr edilmiş bir ömür Featured

 İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sizə bu gün ömrünün 71-ci ilini qeyd edən Şəmsəddin Qasımov barədə söz açmaq istəyirəm. İndi kino və teatr sahələrində püxtələşən bəstəkar çox azdır. Bölgələrdə ümumiyyətlə beləsini gündüz vaxtı əldə çıraq tapa bilməzsən. Amma yolunu Naxçıvana sal və orada Şəmsəddin Qasımovla görüş. Gör bu sahəyə ömür vermək nə deməkdir.

 

Şəmsəddin Qasımov 27 iyun 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. O, ilk musiqi təhsilini Naxçıvan Şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin tar sinfində alıb, 1971–75-ci illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirib və istedadlı tarzən kimi Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim işləyib.

Şəmsəddin Qasımov 1980-ci ildə Azərbaycan İncəsənət Universitetinə daxil olub və 1985-ci ildə universitetin mədəni-maarif fakültəsini bitirməklə özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnib. 1981-ci ildə Nehrəm və Cavidabad kənd uşaq musiqi məktəblərində, sonralar Naxçıvan şəhər 1 və 2 saylı uşaq musiqi məktəblərində direktor, müəllim, dərs hissə müdiri işləyib.

1970-ci illərdən həm də bəstəkar kimi fəaliyyətə başlayıb. Tanınmış bəstəkar Boris Kabakovdan bəstəkarlıq dərsi almaqla bu illərdə özünün bir sıra əsərlərini bəstələyib. Azərbaycanda Bayraq haqqında və 1990-cı ildə İlk dəfə şəhid şəxslər haqqında yazılan ilk mahnıların müəllifi olub.

Son illərdə Azərbaycanda demək olar ki, tam unudulmaqda olan 6-yeni duet mahnısı yazıb və bu gün də dinləyicilər arasında çox populyardir. Naxçıvan Bəstəkarlarının uşaq mahnıları adli kitabında 6-uşaq mahnısı çap edilib və s. Şəmsəddin Qasımov fəal bəstəkarlıq işi ilə bərabər pedaqoji fəaliyyətini Naxçıvan Dövlət Universitetindəki İncəsənət fakültəsində baş müəllim kimi davam etdirir.

 

Muxtar Respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə Şəmsəddin Qasımovun mahnıları məktəblilərin, xor kollektivlərinin, vokal qrupların və müğənnilərin ifasında tez-tez səslənir və kollektivlərin repertuarına daxil edilib. Eyni zamanda Şəmsəddin Qasımov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri vəzifəsində işləyib.

Tələbəlik illərinin məhsulu olan mahnıları o dövrdə istedadlı müğənni Kəmalə Rəhimli tərəfindən ifa olunub. Əsasən mahnı janrında məhsuldar çalışan Şəmsəddin Qasımov 40-dan artıq mahnının müəllifidir.

M. Araz, B. Vahabzadə, H. Arif, İ. Oruc, A. Yadigar, M. Qasımzadə, Z. Vedili, A. Mirzəyev və s. şairlərin sözlərinə yazılan mahnılarında bəstəkar doğma Vətənin, onun gözəlliklərini, bu yurdun şəhid övladlarını, əməksevər insanları vəsf etməklə yanaşı lirik məhəbbət mövzularına da geniş yer verib

Azərbaycanın milli qəhrəmanları-İbrahim Məmmədova həsr olunan Altı bacı, Yusif Mirzəyevə həsr edilən Yusifim, polis mayoru Məhərrəm Seyidova həsr edilən Məhərrəm Sədərəyin ən kiçik şəhidləri Malik və Elvin qardaşları haqqında Malikim, Elvinim mənim, Sədərəklilər, Mənim Azərbaycanım, Marş irəli kimi mahnıların müəllifin Vətənə, onun şəhidlik zirvəsinə ucalmış oğullarına həsr olunan musiqi nümunələridir.

Romans janrında yazdığı Ay üzlü nigarım kimə mehman olacaqsan,(söz: N. Gəncəvinin), Dəyişmərəm və Sənsiz (söz: E. Həbibin), lirik səpkili Unut bu sevdanı, Nə deyim, Unutsam dözəcəkmi?, Xatirələr, Sənin sevgin, mənim sevgim, İndən belə, Dedin məhəbbət hanı?, Anlamadın məni və s. Onun instrumental əsərləri sırasına fortepiano üçün 2 pyesini, skripka və fortepiano üçün pyesini aid etmək olar.

Şəmsəddin Qasımovun şair-jurnalist Rövşən Hüseynovla birlikdə işlədikləri mahnıları son illərin ən uğurlu mahnılarından hesab etmək olar. Heydərim var ol, Sən həmişə bizimləsən, Zərifə həkim, Vətən oğlu Bayraq mahnıları bu əsərlərdəndir. Şairə Rasimə Könülün sözlərinə yazdığı,Azərbaycanın Milli Qəhrəmanı Mübarız İbrahiova həsr olunmuş Mübariz və Yağışmahnıları da bəstəkarın son uğurlu əsərlərindəndir.

Şəmsəddin Qasımov uşaqları da yaddan çıxarmayıb, onlar üçün bir-birindən maraqlı mahnılar yazıb. Biz xoşbəxt uşaqlarıq, Baxçamız, Can gülüm, can can, Azadlıq nəğməsi, Şahinlərini marşı, Şən nəğməmiz belə mahnılardandır. Şəmsəddin Qasımovun Kamera Orkestri üçün yazdığı 3 hissəli Naxçıvan lövhələri əsəri" Təşkilatın Naxçıvanda keçirilən hesabat konsertində və 2007-ci ildə Bakıda keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında dinləyicilərə təqdim edilərək, uğurla ifa olunub.

Xor janrında bir çox uğurlu əsərlərin müəllifidir. Onun xor üçün yazdığı əsərləri bu gün Naxçıvan Muxtar Respublikanın bir çox musiqi məktəblərində, orta və ali məktəblərdə müvəffəqiyyətlə ifa edilir. Bu janrda bəstəkarın şair Hüseyn Razinin sözlərinə yazdığı Mirzə Cəlilin xatirəsinə kantatası xüsusilə diqqətəlayiqdir. Şəmsəddin Qasımov bu əsərlə Mirzə Cəlil dünyasının musiqi ilə dinləyicilərə çatdırılmasına çox gözəl nail olub.

Şəmsəddin Qasımov yaradıcılığını teatr sahəsində də uğurla davam etdirib və bu gün də etdirməkdədir. Hələ 70-ci illərdə fəaliyyət göstərən Gənclik Xalq Teatrında o, Fiqeyredonun Ezop, Ə.Haqverdiyevin Bəxtsiz Cavan, Hüseyn Cavidin Ana, B. Vahabzadənin Yollara iz düşür, Şeyx Rəhmətulla, Məhəbbət nişanəsi kimi 10-a yaxın tamaşaya orijinal musiqilər bəstələyib

Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri saxlayan Şəmsəddin Qasımov bu illər ərzində Bir gün də insan ömrüdür, Hacı Qara, Sizi deyib gəlmişəm, Qarğanın iflası, Ərsizlər və arsızlar, Topal Teymur və s. kimi 20-dən artıq tamaşaların bəstəkarı və musiqi tərtibatçısı olub.

Bəstəkarın son illərdə Hökmdar və qızı, Araz sahilində doğan günəş, Koroğlunun Çənlibelə qayıdışı, Mirzə Fətəli kimi dram tamaşalarına yazdığı orijinal musiqilər və verdiyi musiqi tərtibatları tamaşaçıların zövqünü oxşayıb və əsərlərin ideyasının açılmasında böyük rol oynayıb.

Maraqlı bir cəhədi də qeyd etmək yerinə düşər ki, Şəfahət Mehdiyevin müəllifi olduğu Mirzə Fətəli tamaşasının ilk premyerasında Naxçıvan MR Ali Məclis Sədrinin şəxsən iştirakı ilə bərabər Bakıdan dəvət olunan 20-yə yaxın ziyalı da bu tamaşaya baxıb, tamaşanın quruluşu və musiqisi haqqında öz müsbət fikirlərini bildiriblər.

 Müəllifin oğlu Arif Mehdiyev əsərin ən yüksək səviyyədə hazırlandığını qeyd edib, musiqinin bu tamaşadakı rolunu xüsusi vurğulayıb. Şəmsəddin Qasımovun Naxçıvan Dövlət Kukla Teatrındakı fəaliyyəti xüsusi ilə təqdirə layiqdir. Belə ki, teatrın repertuarında özünə möhkəm yer tutan Məlikməmməd, Cik-cik xanım, Tənbəl Əhməd, Sirli sözlər, Cəsur dovşan, Dursunəli və ballıbadı və s. kimi onlarla əsərə yazılan musiqi gənc nəslin, xüsusi ilə məktəblilərin zövqünü oxşayır.

 

Əsərlərinin adı

- " Naxçıvan lövhələri" 3 hissəli-Kamera orkestri üçün

- "Naxçıvanım" Xor və orkestr üçün-Söz: İlyas Fərəməzoğlu

- " Mirzə Cəlilin xatirəsinə " F-no və qarışıq xor üçün. Söz: Hüseyn Razinin

- " Baxsayağı " –F-no və skripka üçün

- " Xatirə " –F-no üçün pyes

- "Fikirli" F-no üçün pyes

 

Mahnılar

1. Zərifə həkim — söz: Rövşən Hüseynov

2. Sönməyən günəşim -söz: R. Hüseynov

3. Vətən oğlu -söz: R. Hüseynov

4. Sən həmişə bizimləsən -söz: Həmid Arzulunun

5. Xalqımın İlhamı -söz: Ələkbər Qasımovun

6. Həmrəylik günü –söz: Ə. Qasımov

7. Müstəqil Respublikam –söz: Ə. Qasımov

8. Azərbaycan gəncləri -söz: İ. Fərəməzoğlu

 

Romanslar

- Olacaqsan – söz: N. Gəncəvi

- Dəyişmərəm — söz: Elman Həbib

- Sənsiz — söz: Elman Həbib

 

Dram Teatrına yazılan musiqilər

- H. Cavid -İblis

- Həmid Arzulu — Mərhəmət məhəbbət deyil

- A. Şaiq -Yazıya pozu yoxdur

 

Mükafatlar

- 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı.

- 2005-ci ildə Naxçıvan MR əməkdar incəsənət xadimi

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.