İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub.
Nadir Qafarzadə
Bu gün Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi Şahid Əbdülkərimovun anım günüdür.
O, 1938-ci ildə Nuxa (Şəki) şəhərində dünyaya gəlib. 1956-cı ildə Nuxa mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edib. Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olub.
Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlayıb. O, M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlayıb.
100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları AzTV-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilib. Mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova oxuyub.
Əfsuslar olsun ki uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Respublikamızın xalq artisti Abdulla Abdullayev qeyd edir ki "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini onun öz dilindən eşidib. Əbdülkərimov bəstələdiyi mahnıların sözləri Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olub.
Bəstələdiyi mahnıları
1. Ana torpağım mənim Bakı;
2. Azərbaycan;
3. Bala gəlin
4. Biləydim kaş;
5. Dayağım ol;
6. Məmmədbağır Bağırzadənin ifasında "Gözəlim" — sözləri Süleyman Rüstəmin
7. Günüm keçməsin sənsiz;
8. Gecələr;
9. Hanı bəs vəfan sənin;
10. Nəzakət Məmmədovanın ifasında "Heç küsməyin yeridirmi" — sözləri Nəbi Xəzrinin
İlk dəfə onun mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilib. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilib. Şahid o müsabiqədə 1-ci yer tutub. 1976-cı ildə o, Şəki şəhərinə dəvət alıb, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilib.
Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaradıb. 1988-ci ildə Abşeron rayonunda və Şəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilib. 1988-ci ildən Şəki şəhərində yaşayan Əbdülkərimov , ömrünün son illərində bu şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərib. O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


