Görkəmli tarzən Vamiq Məmmədəliyevin 80 illik yubileyidir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gənc xanəndə və müşayiətçilərin yetişməsində, onların xalq tərəfindən tanınmasında, meydan üzü görməsində yardımçı olaraq xeyirxah işlər görübVamiq Məmmədəliyev. Hələ post-sovet məkanında Azərbaycan radiosunda onun ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilib...

 

Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb.

Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub.

Vamiq Məmmədəliyev 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alıb

Bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub.

Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunub.

O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmayıb. Onlarla elmi məqalələr, metodiki göstəricilər, tədris proqramları tərtib etməklə bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak edib.

Həmin dövrlərdə demək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş Vamiq Məmmədəliyev nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək ödüllərə layiq görülüb.

1985-ci ildə Ümumittifaq "Melodiya" firması Vamiq Məmmədəliyevin ifasında Xaric Segah və Rahab muğamlarını lentə alaraq yüksək tirajla çap edib. 1989-cu ildə İsveçdə keçirilən "Falun Folkmusic Festival" folklor festivalda uğurla çıxış edərək 1-ci yerə layiq görülüb və digər Avropa ölkələrinə dəvətlər alıb.

1994-cü ildə Fransanın "Maison De’s Cultures Du Monde" şirkəti Vamiq Məmmədiyevin ifasında Nəva və Rahab muğamlarını və onun müşayiətilə Qəndab Quliyevanı və Canəli Əkbərovu lentə alıb. 1996-cı ildə Vamiq Məmmədəliyev kompakt-disklərin təqdimatından ötrü Fransaya dəvət alıb. 1996–97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılıb.

Dəfələrlə İran İslam Respublikasında, Türkiyə Respublikasında (Hacı Bektaş Vəlinin 500 illiyində), İraqda (Babilistan Festivalında), Danimarkada, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukrayna Respublikasında keçirilən tədbirlərdə uğurla çıxış edib, konsertlər verib

Ölkəni qarış-qarış gəzən, bütün zonalarda – istər müharibə bölgəsində, istərsə də dinc rayonlarda keçirilən konsertlərdə iştirak edən Vamiq Məmmədəliyev ümumiyyətlə Azərbaycanın musiqisevərləri, ziyalıları arasında da yaxşı tanınıb.

2005-ci ildə ulu öndərimizin adını daşıyan "Heydər Əliyev Fondu"nda UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı Vamiq Məmmədəliyev yaxından iştirak edərək öz arzu və tövsiyələrini sənət yoldaşları ilə bölüşüb.

Az sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gələn "Qarabağ xanəndələri" layihəsi Azərbaycan musiqi mədəniyyətinin inkişafında daha bir addım olub. Vamiq Məmmədəliyev respublikada keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü və sədri kimi də fəal ziyalı mövqeyini nümayiş etdirib.

Bir sözlə musiqidən, qəzəliyyatdan, muğamlardan bəhs edən mədəni tədbirləri, xatirə gecələrini, məclisləri Vamiq müəllimsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyevin adının olması tarzənin 60 illik yubileyinə töhfə olub.

Hazırda başçılıq etdiyi kollektivdə sərbəst ünsiyyət, yaradıcı mühit, gənc musiqiçilərin yetişməsi, onların ifaçılıq üslublarının cilalanması, sağlam rəqabət Vamiq Məmmədəliyevin kredosudur. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb

27.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.05.2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti Fəxri adına, 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.