İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanmusiqixəzinəsinə çoxqiymətli, yüksək əyarlı daş-qaşlar bəxş edibdir ulu Gəncəmiz, Nizami yurdumuz.
Azərbaycan Respublikasının xalq artisti Mobil Əhmədov da belə birisidir.
Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Mədəniyyət onu çəkirdi, amma yolayrıcındaydı, bilmirdi hansı səmtə üz tutsun. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib.
Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, 40 valı var.
Aktyor-müğənni Azərbaycanın əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülüb.
Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar:
- Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov);
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov);
- Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəstəkar Oqtay Kazımov).
Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri:
- Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov);
- Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev);
- Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov);
- Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov);
Tərcümə əsərlərində oxuduğu partiyalar:
- Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava);
- Kote ("Keto və kote", Vladimir Dolidze);
- Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A. Ovanov).
Filmoqrafiya
- Qara daşlar (film, 1956)
- Aktrisanın təbəssümü (film, 1974)
- Üzeyir ömrü (film, 1981)
- Məkanın melodiyası (film, 2004)
- Cümhuriyyətə doğru üç addım (film, 2008)
- Yeni il gecəsində (film, 1958)
Mobil Əhmədov uzun sürən xəstəlikdən sonra tam 20 il əvvəl - 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


