“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Naxçıvan Dövlət Universitetinin Musiqi Müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Xəlil Əliyev sizlərə “Üzeyir Hacıbəyov – Azərbaycan musiqi mədəniyyətinin dahisi” yazısını təqdim edəcək.
XƏLİL ƏLİYEV,
“ÜZEYİR HACIBƏYOV – AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNİN DAHİSİ”
Niyə Azərbaycan musiqi mədəniyyətinin dahisi?
Bunu sübut etmək asandır. Ortada elə bir zəngin irs var ki, min illər sonrakı nəsillər belə ondan bəhrələnəcəklər.
Üzeyir Hacıbəyov 1885-ci ildə Şuşada doğulub və XX əsrin əvvəlində Azərbaycan xalqının siyasi və mədəni dəyişikliklərinin tam ortasında böyüyüb. Uşaqlıqdan musiqiyə böyük marağı vardı. O, muğamları evdə dinləyir, onları nota köçürürdü. İlk musiqi müəllimi anası Şirinabəyim olmuşdur. Şuşa muhitində böyüməsi onun muğama olan sevgi və anlayışını gücləndirdi.
O dövr Azərbaycan üçün maarifçilik hərəkatı, milli kimlik axtarışları və modernləşmə prosesi ilə yadda qalmışdır. Bu mühit onun yaradıcılığına birbaşa təsir etmiş, milli musiqini yeni səviyyəyə qaldırmasına şərait yaratmışdır.
Üzeyir bəy yalnız ilk Şərq operasının müəllifi kimi deyil, həm də xalq musiqisini elmi və estetik səviyyədə sistemləşdirən böyük sənətkar və maarifçi idi. O, həm Avropa musiqi sistemi ilə tanış olmuş, həm də milli musiqi ənənələrini qoruyaraq özünəməxsus harmonik üslub yaratmışdır. Azərbaycan musiqi məktəbinin təməlini qoyan böyük sənətkar və maarifçi idi. Onun yaradıcılığı həm dövrün sosial və mədəni tələblərinə cavab verdi, həm də yeni nəsillərə musiqi düşüncəsini aşıladı.Təhsilini davam etdirərək Gori Müəllimlər Seminariyasını bitirib, həm Avropa musiqi nəzəriyyəsini, həm də milli musiqi biliklərini mənimsədi. Seminariyada olarkən o, Sergey Raxmaninovun əsərlərini xüsusi diqqətlə öyrənmiş və Sankt-Peterburqda Glazunov və Lyadovun dərslərinə qeyri-rəsmi dinləyici kimi qatılmışdır.
Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasında müəllimlik etməyə başlayıb. O, müəllimlik edərək xalqın savadsızlıq problemlərinə diqqət çəkir, sosial mövzuları gündəmə gətirirdi. 1905-ci il Bakıya gələrək “Həyat” qəzetində tərcüməçi işləməyə başlayıb və bu hadisə onun ədəbi-publisistik fəaliyətinin başlanğıcı olaraq sayılır. 1911-ci ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi ilə bəstəkar Moskvaya gedib və İlyinskiin xususi musiqi kursunda təhsil almağa başlayıb. Ancaq madii çətinliklər səbəbi ilə təhsilini yarıda qoyaraq Bakıya qayıdıb. 20 yaşında Bakıya gələn Üzeyir bəy həm musiqiçi, həm də publisist kimi fəaliyyət göstərdi. Üzeyir bəy əvvəlcə qəzet açmaq istəyirdi, “Həqiqət” adını verməyi planlamışdı, lakin maliyyə səbəbindən bu plan baş tutmadı.
1910-cu ildə Üzeyir Hacıbəyov Məleykə xanımla ailə həyatı qurub. Rus dili müəllimi olan Məleykə xanım həyat yoldaşının sənətinə bələd olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub.
1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” Şərq musiqi tarixində ilk opera olaraq Azərbaycan musiqi teatrını formalaşdırdı. Operanın əsas novatorluğu muğam və Avropa harmoniyasının sintezində idi.Operanın məşqlərini gecələr gizli aparırdı.Operanın bəzi hissələrini o, təbiət qoynunda, ağac altında yazmışdır. Operanı yazarkən yalnız 22 yaşı vardı.
Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisinin elmi əsaslarını yaratdı. “Azərbaycan xalq musiqisinin əsasları” əsəri bu gün də musiqişünaslıq üçün fundamental qaynaqdır. Kitabın ilkin variantı təxminən 600 səhifə idi, lakin maddi çətinliklər səbəbindən ixtisar edilmişdir. O, müxtəlif bölgələrə gedərək fərqli xanəndələrdən muğamların variantlarını toplamışdır. Üzeyir bəy musiqini rənglərlə “görürdü”, bəzi muğamları müəyyən rənglərlə əlaqələndirirdi. Evdə yüngül səslə danışır, musiqi duyumunu qoruyurdu. Gecələr yaranan melodiyaları unutmamaq üçün qələm və kağızı yastığının altında saxlayırdı. Onun evində böyük kitabxana var idi, burada yalnız musiqi deyil, tarix, fəlsəfə, psixologiya və hətta astronomiya ilə bağlı kitablar da mövcud idi. O, həmçinin portret rəssamlığı ilə məşğul olur, yaxınlarının eskizlərini çəkirdi. Səsi həm muğam, həm Qərb vokal texnikasına uyğun idi.
Üzeyir bəy Azərbaycan Konservatoriyasının yaradılmasında və milli musiqi təhsilinin təşkili işində böyük rol oynamışdır. O, milli orkestr ənənələrinin təməlini qoymuş, muğamın orkestr üçün işlənməsini təmin etmiş və yeni musiqi alətlərinin inkişafına töhfə vermişdir.
Azərbaycan Dövlət Himninin müəllifi olması onun yaradıcılığının əbədiyyət simvoludur. Himnin bəzi hissələrinin azı 10 variantı olmuşdur və Üzeyir bəy melodiyanın ritmik xəttini ən uyğun şəkildə tapmaq üçün uzun müddət çalışmışdır.O, musiqi fəaliyyətini əvvəlcə “Necat” cəmiyyətinin teatr truppası ilə həyata keçirib, 1914-cü ildə isə teatr cəbhəsində ona qoşulan qardaşları ilə birlikdə davam etdirib. 1918-ci ilin mart soyqırımı sonrası Üzeyir bəy turuppası ilə birlikdə İrana səfər edib və burada tamaşalar hazırlayıb.1918-ci il sentyabrın 15-də Bakının erməni, rus-bolşevik, ingilis işğalından azad olmasından sonra vətənə qayıdıb. Bu dövrdə bəstəkar “Azərbaycan” qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti ilə milli dövlət qurumluğuna bacardığı qədər kömək etməyə çalışıb. Cumhuriyyət Himnini də elə məhz bu dövrdə yazıb.
Onun digər məşhur operaları arasında “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşud Banu” əsərləri də var. Bu əsərlər Azərbaycan musiqi teatrının formalaşmasında müstəsna rol oynamışdır. “Arşın mal alan” əsəri 70-dən çox dilə tərcümə olunmuş, 120-dən çox ölkədə səhnələşdirilmişdir və iki dəfə film kimi ekranlaşdırılmışdır.
XX əsrin 20-30-cu illəri Üzeyir Hacıbəyovun sadəcə Azərbaycanda deyil, SSRİ və dünyada qərb musiqi janrında müxtəlif əsərlər yazması xüsusən 1932-37-ci illərdə “Koroğlu” operasını ortaya qoyması onu daha da məşhurlaşdırdı. Hətta bu əsər bəstəkarın repressiyadan qurtulmasına da kömək etdi.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir bəy təqiblərə məruz qalıb. Hətta 1920-ci il də bəstəkarı güllələmək istəyiblər. Yalnız bir təsadüf nəticəsində bu təhlükə sovuşub.
Azərbaycan ictimai-mədəni mühitinin tələbatını dərindən duyub-anlayan Üzeyir Hacıbəyov Həsən bəy Zərdabini arzu və istəklərinin misilsiz daşıyıcısı kimi kəşf etmişdi. Qısa müddətdə Üzeyir bəy böyük ustaddan məfkurə dərsi almış, bir sıra sahələrdə estafeti ondan qəbul edib irəli aparmışdı.
Üzeyir bəy həm də publisist və maarifçi kimi fəaliyyət göstərmişdir. O, qəzet və jurnal səhifələrində musiqi və mədəniyyət mövzularında yazılar yazmış, ictimai düşüncəni formalaşdırmağa çalışmışdır.
Üzeyir Hacıbəyovun əsərləri bu gün də Azərbaycanda və dünyanın bir çox ölkələrində səslənir. Onun musiqi irsi yeni nəsillərə öyrədilir və milli musiqi düşüncəsinin inkişafında əsas rol oynayır. Üzeyir bəy yalnız Azərbaycan musiqisinin keçmişi deyil, həm də gələcəyidir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


