Fatimə Məmmədova,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Rəqs... Elə bir sənətdir ki, sözə ehtiyacı yoxdur. Bəzən bir baxışdan, bir incə əl hərəkətindən, yüngülcə süzülən addımlardan ibarət səssiz şeirdir. Xüsusilə də Azərbaycan xanımının rəqsi. O rəqsdə qılınc şaqqıltısı eşidilməz, at kişnərtisi duyulmaz, döyüş meydanının sərliyi hiss olunmaz. O rəqsdə bir ləçəyin səhər mehində titrəməsi var. Bir ceyranın bulaq başında ürkək-ürkək su içməsi var. Bir gəlinin həya ilə yerə baxması, bir ananın layla deyərkən beşik yelləməsi var.
Bizim xanım rəqslərimiz əsrlərin süzgəcindən keçib. "Uzundərə"də sevgiliyə həsrətin uzun yolu, "Tərəkəmə"də köçəri həyatın vüqarı, "Naz eləmə"də isə Azərbaycan qadınına xas o müqəddəs ismət, o şirin naz gizlənib. Bu rəqslərdə qadın özünü ortaya atmır. Əksinə, özünü qoruyur. Baxışı ilə sərhəd çəkir, əlinin süzülməsi ilə məsafə qoyur, incə addımları ilə "mən zərifəm, amma əlçatmazam" deyir.
Elə bu zəriflikdir bizim rəqslərimizi dünya xalqlarının rəqslərindən ayıran. Flamenkonun odlu-alovlu ehtirası deyil bizdəki. Hind rəqslərinin açıq-saçıq fiqurları deyil. Bizim rəqsimiz pərdə arxasından danışan rəqsdir. Bəs biz bu əmanəti qoruya bilirikmi? Səhnələrdə “müasirləşirəm” adı ilə milli rəqsin canına “yad bədən” köçürəndə, qızlarımız oğlan hoppanmaları edəndə, “Sarı Gəlin”in həzinliyini diskoteka ritminə qurban verəndə, əslində nəyi itiririk?
Rəqs qadınının ədəbini, kişininin vüqarını, xalqın dünyaya baxışını göstərən aynadır. Ayna qırılsa, sifət əyri görünər.
"Ədəbiyyat və İncəsənət" portalı olaraq mövzu ilə bağlı “Cəngi” estrada folklor ansamblının rəqs müəlliməsi, illərini milli rəqsin sirlərinə həsr etmiş Çinarə Ələkbərovaya üz tutduq:
"Milli rəqslərimizi və mədəniyyətimizi yeni gələn nəsilə düzgün çatdırmaqla, öyrətməklə qoruya bilərik. Düşünürəm ki, beynəlxalq müsabiqələrdə korifey baletmeysterların qurduğu rəqslərlə təmsil olunmaqla həm rəqslərimizi, həm də mədəniyyətimizi qorumaq mümkündür. Hərəkətləri düzgün öyrətməklə, rəqsin milli elementlərini təhrif etmədən (yəni onu pis vəziyyətə salmadan) düzgün təqdim etmək lazımdır. Bəzən görürəm ki, xanımlar oğlan elementlərindən istifadə edirlər, bu isə məncə düzgün deyil. Bizim gözəl rəqslərimiz var: Uzundərə, Tərəkəmə, Naz eləmə, Sarı Gəlin və s. Gələcək nəsilə bu gözəl rəqsləri öyrətməliyik ki, unudulmasın. Hər xalqın özünəməxsus rəqsi var, lakin bizim milli rəqslərimiz, xüsusilə xanım rəqsləri, xanımlığa, zərifliyə və incəliyə əsaslanır və bu xüsusiyyətləri ilə digər xalqların rəqslərindən fərqlənir".
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


