Fikrət Əmirov, Cövdət Hacıyev və Əminə Dilbazi üçbucağı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əminə Dilbazigəncliyində olduqcacazibədarvə gözəlolub. Dövrün iki ən böyük  bəstəkarı Fikrət Əmirov və Cövdət Hacıyev onu sevib. Onlar həm də çox yaxın dost olublar. Onların rəqqasəyə olan sevgisi münasibətlərinin gərginləşməsinə qədər çatıb. Ancaq buna qədər bir-birlərinin sevgisindən xəbərsiz hər iki dost Əminəyə evlənmək təklifi etməyə hazırlaşıblar.

Gerisini söhbətimizin sonuna saxlaqyaq…

Bu gün görkəmli mədəniyyət xadimi Əminə Dilbazinin anım günüdür…

 

Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub.

 O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik edib. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur.

 Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilib.

 

Filmoqrafiya

1. Axşam konserti (film, 1948)

2. Qəzəlxan (film, 1991)

3. Mən mahnı qoşuram (film, 1979)

4. O olmasın, bu olsun (film, 1956)

5. Payız konserti (film, 1962)

6. Arşın mal alan (film, 1965)

7. Beş dəqiqəlik konsert (film, 1941)

8. Prima (film, 1994)

9. Ulduz (film, 1964)

10. Sevinc (film, 1968)

 

Mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "İstiqlal" ordeni

- "Şərəf nişanı" ordeni

- "Xalqlar Dostluğu" ordeni

 

İndisə sevgi əhvalatımıza keçək.

Əminə Dilbazi Filarmoniyada işləyəndə konsertlər bitəndən sonra Filarmoniyanın səhnəsində təkcə öz mahnılarını rəqs edən zaman bəstəkar Qara Qarayev pərdəni qaldırıb onun məşqlərinə baxır. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşır. Qarayev ona Əminəni göstərib deyir, gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir. Səhnədən çıxandan sonra Cövdət Hacıyev Əminə xanıma onu gözləməsini tapşırır. Söhbət əsnasında məlum olur ki, bəstəkarın ondan xoşu gəlir.

 

Elə həmin ərəfədə Fikrət Əmirov məsələdən xəbərsiz Əminə Dilbazini Gəncəyə ansambl üçün rəqs qurmağa dəvət edir. Əminə Dilbazi Gəncəyə çatır, Fikrət Əmirovun evinə qonaq düşür və quracağı mahnı ilə tanış olmaq istəyir. Firkət Əmirov royal arxasına keçib bir məhəbbət mahnısı ifa edir. Əminə xanım isə sakitcə dinləyir, amma hiss edir ki, Fikrətin ondan xoşu gəlir.

Firkət Əmirov ona elə həmin məqamda evlənmək təklif edir. Lakin, rəqqasə deyir ki, bu məsələni Cövdət də bilməlidir. Məsələdən xəbər tutan Cövdət Hacıyev təcili Gəncəyə gəlir və Fikrətə etiraz edib bildirir ki, o, da rəqqasə ilə evlənmək istəyir. Əminə Dilbazi öz hisslərini gizlətsə də, qəlbinin dərinliyində Cövdətə qarşı laqeyd deyildi. O, öz xatirələrində bu əhvalata belə münasibət bildirir:

"Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəriydi. Qohumlarım təkidiylə Fikrətə ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım:

"Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm. Bu məktubu da sənə ağlaya-ağlaya yazıram. Mən nə edim ki, sənin cəsarətin mənə səni sevirəm deməyə çatmadı".

Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa "ZAQS"-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər. Bu evlilikdən bizim dörd övladımız oldu".

Əminə xanım bütün varlığını ailəsinə həyat yoldaşına həsr edir. Kasıb ailədən olan Cövdət Hacıyevin Moskvada Konservatoriyanı oxuyub bitirməsi üçün çox çalışır. Bir gün Əminə xanıma xəbər gəlir ki, həyat yoldaşı maddi çətinlik ucbatndan təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq istəyir. Bunu eşidən Əminə Dilbazi sarsılır.

Həyat yoldaşına zəng vurub deyir ki, sən diplom almamış Moskvadan qayıda bilməzsən. Əgər sənə pul lazımdırsa, mən sənə hər ay iki min manat göndərəcəm və sən diplomunu alıb Bakıya qayıdacaqsan.

Bundan sonra o, lazım olan məbləği əldə etmək üçün beş yerdə işləməli olur.

Əminə Dilbazi müsahibələrinin birində deyir ki,

Cövdət qısqanclığından bir dəfə deyib ki, mən daha filarmoniyaya gəlməyəcəm. Orda hara gedirəmsə, hamı sənin rəqslərindəki nazından, qəmzəndən, gözəlliyindən danışır, mən dözə bilmirəm. Dediyi kimi də elədi, daha mənim ardımca filarmoniyaya gəlmədi, mən özüm işdən çıxanda tək gəlirdim. Amma bizim aramızı heç kimsə vura bilmədi, çünki bir-birimizi sevirdik. Cövdət də mənə xəyanət etmədi, heç zaman. O, mənim qəddarlığımı bilirdi. Xəyanət etsəydi, onu bağışlamazdım…”

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində 90 yaşında vəfat edib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.