İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İndiyədək dünyanın 30-dan artıq ölkəsindəRamiz Quliyevin ifasında muğamlar, xalq musiqisi nümunələri, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri müxtəlif orkestrlərin müşayiətilə lentə alınaraq, DVD, VCD, videokasset, kompakt-disk və audio kasset formasında, kütləvi tirajla çap olunaraq, nümayiş etdirilib. Çox ciddi göstəricidir.
Azərbaycan SSR xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak edib.
1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən Festivalda (Azərbaycan Dram teatrında keçirilib; münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) I yer qazanıb, 1961-ci ildə isə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.
1963–1964-cü illərdə Ağdam 1 saylı orta-ixtisas musiqi məktəbində, 1965–1974-cü illərdə isə Bakı şəhəri 1 və 20 saylı musiqi məkləblərində təhsil alıb. 1974-cü il onun həyatında əlamətdar olub. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafata, oktyabr ayında icə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülüb.
1974–1992-ci illər ərzində Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib.
1978-ci ildə Ukraynada, 1980-ci ildə Özbəkistanda və 1981-ci ildə Tümendə keçirilən Azərbaycan Mədəniyyəti və incəsənəti günlərində iştirak edib. 1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda Sadıqcan adına muğam üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıxış edib.
Simpoziumun, Səmərqəndin Opera və Balet teatrında keçirilən simfonik musiqi gecəsində Özbəkistan Dövlət simfonik orkestrinin müşayiətilə (dirijor: V. Həqnəzərov) Azərbaycan bəstəkarlanın tar ilə orkestr üçün yazılan əsərlərini ifa edib. 1988-ci ildə UNESKO xətti ilə ABŞ-də keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra yüksək ifaçılıг məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülüb.
1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib. 1997-ci ildə M. L. Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək, onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70-illik yubileyində çıxış etmək üçün dəvət edib.
Həmçinin, 1997-ci ildə R. Quliyev görkəmli müğənni M. Maqornayevin şəxsi dəvətilə Bakıda və Moskvada keçirilən 55-illik yubiley konsertlərində müvəffəqiyyətlə çıxış edib. 1997-ci ildə bəstəkar T. Quliyevin 80-illik yubileyi və 1998-ci ilin aprel və may aylarında Londonda keçirilən Azərbaycan mədəniyyəti günlərində müvəffəqiyyətlə çıxış edib.
1997-ci ilin dekabrında İsrailin Yerusalim (Qüds) şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənib və orada yaratdığı "Şərq alətləri orkestri"ni nümayiş etdirib. 1999-cu ildə Isveçrədə keçirilən Beynəlxalq "Lütsern musiqi festivalı"nda Bern şəhərinin "La strimpellata" orkestri ilə uğurlu çıxışlar edib.
2002-ci ilin avqust ayında Norveçin Stavanger şəhərində, 2003-cü ilin oktyabr ayında isə R. Quliyev Norveçin Trondxaym simfonik orkestrilə birgə Bergen şəhərində konsertlər verib. 1964–1994-cü illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub.
1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. R. Quliyev respublikada keçirilən bir çox müsabiqə və festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.
1980-ci, 1982-ci, 1986-cı, 1992–94-cü illərdə musiqi məktəbləri arasında xalq çalğı alətləri üzrə keçirilən Respublika müsabiqələrinin təşkilində iştirak edib və münsiflər heyətinin sədri olub. 1986-cı ildə Bakıda keçirilən Orta Asiya və Qafqaz Respublikaları arasında müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvü kimi iştirak edib.
1997-ci ildə isə bilavasitə onun təşəbbüsü ilə tarzən Mirzə Sadıq Əsəd oğlunun anadan olmasının 150-liyinə həsr olunan xalq çalğı alətləri ifaçılarının Respublika müsabiqəsi keçirilib və Ramiz Quliyev həmin müsabiqənin münsiflər heyətinin sədri və təşkilat komitəsinin üzvü olub. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.
Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxıb. Bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir. Onun sinfini bitirən tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirir, ölkənin yüksək fəxri adları və elmi dərəcələri ilə təltif olunublar
Mükafatları
1. Azərbaycan SSR Lenin komsomolu mükafatı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Humay" mükafatı
5. "Şöhrət" ordeni
6. Azərbaycan Respublikasının Dövlət Mükafatı
7. "Şərəf" ordeni
8. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Ramiz Quliyev həmçinin 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-də keçirilən Beynəlxalq folklor festivalında xüsusi diplomla təltif olunub. 2001-ci ildə "Simurq" milli mükafat fondunun təsis etdiyi "XXI əsrin ilk laureatları — ali dərəcəli mükafatı — "ilin fədakar sənətçisi" fəxri adı laureatı olub.
2009-cu ildə Rusiyanın Kalininqrad şəhərində baş tutan XXIV Beynəlxalq "Kəhrəba boyunbağı" ("Yantarnoe ojerelye") Festivalının Xüsusi diplomu, 2006, 2010, 2014-cü illərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən "Fəcr Beynəlxalq Musiqi Festivalı"nda "Qızıl Çəng" mükafatı, 2017-ci ildə isə Kanadanın Toronto şəhərində keçirilən nüfuzlu "Tirqan" Beynəlxalq İncəsənət festivalının ən yüksək mükafatı olan "Araş"la təltif olunub.
"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.
Sənətkar 15 oktyabr 2025-ci ildə 78 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


