İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hacı Məmmədov hələ on yaşında ikən onu Azərbaycan Dövlət Şərq Orkestrinə qəbul ediblər. Kollektivə hamıdan sonra gələn bu oğlan uşağının qeyri-adi istedad sahibi olması Üzeyir Hacıbəylinin də diqqətini çəkib. O, bu çəlimsiz uşağı yoldaşlarına göstərərək söyləyib: “Baxın, gördüyünüz sarıbəniz oğlan gec-tez sizləri tamam ötüb keçərək, birinci pilləyə çıxacaq”.
Belə də olub...
Azərbaycan SSR xalq artisti Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləyib, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət edib, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olub.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Onun həyatını tədqiq edən Məmməd Mirzəliyev yazır: “Hacı Məmmədovun ifaçılığı ayrıca bir məktəbdir. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük sənətkarların yaratdığı sənət məktəbindən dərs alan Hacı Məmmədov milli musiqimizin ən görkəmli nümayəndələrindən biri idi. O, Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli sənətkarları tarda dəfələrlə müşayiət etmişdir.”
Hacı Məmmədovun yaradıcılığında muğamlar bir zirvədir. Bu sənət incilərinin də içərisində “Orta Mahur”un öz xüsusi çəkisi var. O, bu muğamı elə ustalıqla ifa edirdi ki, ona qulaq asanlar bunu bir möcüzə sanırdılar. Hacı Məmmədov doğrudan da qeyri-adi çalğı sahibi, virtuoz ifaçı idi. Hacı Məmmədovun tara olan qeyri-adi məhəbbətinin və vurğunluğunun nəticəsi idi ki, çalğıdan ifaçının kimliyini təyin etmək mümkündür.
Bu bəxtiyarlıq hər sənətkarın taleyinə yazılmayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus rolu olan, uzun müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində işləyən, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışan Hacı Məmmədov ixtisasca həkim idi. O, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, uzun müddət müxtəlif xəstəxanalarda həkim-cərrah, baş həkim müavini, baş həkim işləmişdi.
Onun əllərindən şəfa tapmış insanlar söyləyirlər ki, Hacı həqiqətən də, bacarıqlı həkim olub. Uzun müddət Naxçıvan şəhər xəstəxanasında, Sumqayıtda və Bakıda insanların sağlamlığı keşiyində dayanıb. Tarda çalmağı müstəqil öyrənən Hacı Məmmədov ömrünün sonuna kimi müxtəlif mədəniyyət ocaqlarında, ölkəmizdən çox-çox uzaqlarda, qastrol səfərlərində, mədəni tədbirlərdə uğurla iştirak etmişdir.
Dahi bəstəkarın uzaqgörənliklə söylədiyi bu müdrik fikir özünü doğrultdu. Doğrudur, o, özünə peşə kimi həkimliyi seçsə də, içindən gələn arzu, məhəbbət onu başqa bir istiqamətə çəkdi. Hacı Məmmədovun ilk yadda qalan uğuru 1939-cu ilin payızında Moskvada keçirilən xalq çalğı alətlərində ifa edən musiqiçilərin müsabiqəsindəki çıxışı oldu. 19 yaşlı gənc yarışda mükafata layiq görüldü.
İkinci dünya müharibəsi illərində isə Hacı Məmmədov ön cəbhədə olaraq öz çıxışları ilə əsgərləri qələbəyə ruhlandıran musiqilər ifa edərdi. Bu gün “Qızıl Fond”da Hacı Məmmədovun özünəməxsus tərzdə, üslubda ifa etdiyi “Zabul Segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah”, “Orta Mahur” və başqa muğamlar qorunur.
Hacı Məmmədovun xatirələrindən:
“Gözümü dünyaya açanda tar səsi eşitdim. Çünki atamın tarı vardı. 1927-ci ilin payız günü - 7 noyabr idi. Şamaxıda Oktyabr inqilabının 10 illiyinə həsr edilmiş bayram gecəsi keçirilirdi. Şənlikdə biz də iştirak edirdik. Atam tarını köynəyindən çıxardıb kökləməyə başladı. Bu vaxt Şirvan mahalının çox tanınmış tarzəni Cəlil kişi məclisə daxil oldu.
Onun gəldiyini görən atam ayağa qalxdı. İrəli gedib onunla görüşdü. Cəlil kişi tarını köynəyindən çıxardıb lovğa-lovğa çalmağa başladı. Atamın bu mənzərədən pərt olduğunu gördüm. Ona ürəyimdə acıdım. Çünki o vaxta kimi elə bilirdim atamdan yaxşı tar çalan yoxdur”.
Ustad sənətkar 1981-ci il avqustun 2-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


