O, məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova ağlayaraq bizə gəlmişdi. Deyilənə görə, o heç vaxt yas yerinə getmir. Zeynəb xanım mənəvi baxımdan bizə çox yaxın oldu. Çünki atamın ölümü bütün sənət yoldaşları kimi ona da pis təsir etmişdi. Elə bir sənətkar görmədik ki, atamın ölümündən sonra bizim ailədən ayrılsın...” –Ədalət Vəzirovun oğlu Səfərəli Vəzirovun müsahibəsindən.

 

Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınan musiqiçilər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı olub.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olub.

Qardaşı da həmçinin musiqiçidir. Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur. Uşaqlarını musiqiçi kimi görmək istəyən Səfərəli kişi övladlarını hələ uşaq yaşlarından musiqiyə doğru istiqamətləndirib, kiçik ailə ansamblı yaratmaqla onlarda musiqiyə həvəs oyadıb. Ailə üzvlərinin demək olar ki, hər biri müxtəlif alətlərdə mükəmməl çalıb oxumağı bacarıblar.

Ədalət Vəzirov özü isə üç övlad sahibi olub. Kiçik oğlu Səfərəli Vəzirov Bülbül adına orta ixtisas məktəbinin kamança sinfini bitirsə də, nədənsə atası onun musiqiçi yox, həkim olmasını istəyərək ona deyib ki, yaxşı olar, sən həkim olasan. Oğlu onun bu arzusunu yerinə yetirərək həkimlik ixtisasını seçib.

Ustad sənətkarın musiqimiz üçün gördüyü ən nəhəng işlər sırasında məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olması xüsusi yer tutur. Mark uşaq olan zaman atası ilə birgə Azərbaycanda olarkən Habil Əliyevin ifasını dinləyib və onun fanatına çevrilib. Bundan sonra o kamança ustamız Ədalət Vəzirovun yanına gedib ondan dərs almaq istədiyini bildirib. Mark öz xatirələrində bu əhvalatı belə nəql edir:

“16 yaşımda Bakıya gəldim, ustadım Ədalət Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirov və ailəsi məni aralarına daxil edərək onların bir üzvü kimi qəbul etdilər...

İndi Markın ifasını YouTube üzərindən milyonlarla insan izləyir, Azərbaycan musiqisinə, kamanımıza heyran olurlar. Bax mədəniyyətimizin bundan gözəl təbliğatı varmı?

Respublikamızın tanınmış xanəndələri, müğənniləri - Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abullayev, Mələkxanım Əyyubova, Simarə İmanova, Zabit Nəbizadə və bir çox başqaları Ədalət Vəzirovun müşayəti ilə oxuyublar. Xalq artisti Habil Əliyev Ədalət Vəzirovun ifaçılığına yüksək qiymət verərək, müsahibələrinin birində belə deyib: "Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz müsiqi alətlərini sələflərinə bağışlayırlar. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm".

Professor Hacı Xanməmmədov kamança və simfonik orkestr üçün konserti yazarkən məhz Ədalət Vəzirovun istedadını və ifasını nəzərdə tutaraq yazdığını deyirmiş. Digər kamança ifaçısı Fəxrəddin Dadaşov müsahibələrinin birində deyib: “Bir gün Ədalət Vəzirov məndən həmin konsert üçün nəzərdə tutulmuş ifasına qulaq asıb qiymət verməyimi xahiş etdi. Evə gəlib sakitcə Ədalətin ifasını dinlədim, bir də onda ayıldım ki, gözlərimdən yaş axır. Növbəti gün Ədaləti görəndə üstünə qaçıb, onun əllərindən öpdüm. Dedim, mən elə bildim ki, o, ifanı Hacı Xanməmmədov yox, sən yazmısan”.

Dostu Yaşar Məmmədov Ədalət Vəzirovla ölümündən əvvəl olan görüşün belə xatırlayır: O, ölümündən iki gün qabaq, Türkiyəyə gedəndə məni otağına çağırıb dedi:

-Götür bu seyfın açarını, qoy qalsın səndə. Mən uzağa gedirəm. Bilmək olmaz, ölüm-itim dünyasıdır...

Açığı mən çox təəccübləndim. O, harasa respublikadan kənara qastrola gedəndə, mənə möhürü verirdi. Çünki hərdən sənədlərə möhür vurmaq lazım olurdu. Ona görə də o, seyfin açarını mənə verəndə, götürmək istəmədim və dedim:

"Hacı bu nədi? Mən seyfin açarını neynirəm", - deyə götürmədim. Seyfdən möhürü götürüb, açarları ona qaytardım. Sonra onu texnikumun qapısına qədər yola saldım. Görüşdük, öpüşdük. O, bayıra çıxdı və öz maşınına sarı getdi. Mən də siniflərdə dərslərin gedişini yoxlamağa getdim...

Onun ölümündən sonra qapıçı qadın danışırdı ki, o, maşına minməmişdən əvvəl eynəyini çıxarıb, elə diqqətlə texnikumun qapılarına, pəncərələrinə baxdı, elə bil burdan əbədilik ayrıldığını hiss edirmiş...

2002-ci ilin oktyabrında Türkiyəyə qastrol səfərinə yola düşən kaman ustasının səhhəti ilə bağlı heç bir ciddi problemi olmasa da, oktyabrın 4-də oteldə olarkən öz otağında istirahət edən zaman qəfil ürək tutmasından dünyasını dəyişib.

Ertəsi günü məşq zamanı dostları onun məşqə gecikməsindən şübhələnib otelə zəng vurublar. Otel işçiləri qapını nə qədər döysələr də açan olmayıb. Əlavə açarla qapını açıb otağa girdikləri zaman 51 yaşlı ifaçını döşəmədə uzanılı vəziyyətdə görüblər. Artıq onun dünyasını dəyişdiyi aydın olub.

Artıq konsert üçün nəzərdə tutulan bütün biletlər satılıbmış. Ertəsi gün Ədalət Vəzirovun çıxış edəcəyi konsertdə kaman ustasının stulunun üzərinə onun proteti qoyulub və həmin konsert Ədalət Vəzirovun xatirəsinə həsr olunub.

Sənətkar Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.