İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşib. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilib.
Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olub. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil alıb və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxuyub, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləyib.
O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparıb, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olub.
1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr verib. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanıb.
Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olan Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanıb.
Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır.
Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, 1990-cı ildə "Əməkdar incəsənət xadimi" və 2008-ci ildə "Xalq artisti" fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.
Fəxri adları və mükafatları
- Sənətşünaslıq namizədi (1974)
- Dosent (1979)
- Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1990)
- Professor (1992)
- Sənətşünaslıq doktoru (1994)
- "Humay" mükafatı (1997)
- Azərbaycan Respublikasının Xalq Artisti
- Şöhrət ordeni
Kitabları
- Muğam. Monoqrafiya. B., "Azərnəşr", 1991
- Azərbaycan təsnifləri. Təbriz, Enteşarate Məhran, 1991;
- Hacı Xanməmmədov. Broşür. B., "Şur", 1992;
- Rauf Hacıyev. Broşür. B., "Şur", 1993;
- Bəstəkarlarımız haqqında söz. B., "Şur", 1995;
- Ramiz Mustafayev. Broşür. B., "Ergün", 1995;
- Bəstəkarlarımızın portreti. B., "Gənclik", 1997;
- "Çahargah" muğam-dəstgahının nəzəri əsasları. B., "Şur", 2000;
Məqalələri
- Skripkaçalan və müğənni /R. Adıgözəlov – 50/, "Ədəbiyyat və incəsənət", 16.11.1990;
- Yaradıcılıq axtarış deməkdir /T. Bakıxanov – 60/, "Ədəbiyyat və incəsənət", 21.12.1990;
- Müəllifini yaşadan əsərlər /Ağası Məşədibəyov – 80/, "Mədəniyyət" qəzeti, 09.01.1992;
- Sevimli pedaqoq, mahir tədqiqatçı /Z. Qafarova – 50/, "Mədəniyyət", 08.01.1993;
- Nizami mövzusuna yeni müraciət /T. Bakıxanovun "Xeyir və Şər" baleti haqqında/, "İncəsənət" qəzeti, 13.07.1993;
- Görkəmli bəstəkar və müəllim /S. Ələsgərov/, "İncəsənət", 12.04.1994;
- Dəstgahda avaz. /12 muğam sistemi haqqında/. Təbriz, "Azadlıq beşiyi" qəzeti /fars dil./, 26. 10. 1997;
- "Rast" ailəsindən olan muğamlar. Təbriz, "Azadlıq əsri" qəzeti /fars dil./, № 31, 1998;
Filmoqrafiya
- Musiqişünas (film, 2001)
- Muğam (veriliş, 2007)
- Muğamat var olan yerdə... (film, 2009)
- Xalq təranələri (film)
Sənətkar 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


