Aprelin 13-də doğuldu, aprelin 11-də vəfat etdi... Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəzən belə də olur. Bir insanın doğum və ölüm günləri eyni aya düşür. Bəzən hətta eyni günə, 1-2 gün fərlə eyni aya da düşür. Aida Abdullayevada da belədir. Azərbaycan arfa ifaçılığı məktəbinin banisi Aida Abdullayevanın anım günü barədə aprelin 11-də - şənbə günü məqalə yazmışdım. Bu gün – aprelin 13-də isə doğum günü barədə yazası oluram…

 

Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olub. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdıb.

Opera və Balet Teatrının orkestrində işə qəbul olunub. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilib. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunub və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilib.

1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirib. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayıb.

 Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlayıb. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb.

Bakı Musiqi Akademiyasının (BMA) professor kimi isə sonrakı illərdə Aida xanım musiqimizə neçə-neçə istedadlar bəxş edilməsində xidmət göstərib.

Aida xanım barədə material toplayarkən rastıma 2012 -ci il aprelin 17-də onun 90 illiyinin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, mərhum musiqiçinin həmkarlarının və tələbələrinin iştirakı ilə necə qeyd olunması xəbəri çıxdı.

Bakı Caz Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, əməkdar incəsənət xadimləri Aida Tağızadə, Nəzmiyyə Abbaszadə və başqaları çıxış edərək A.Abdullayevanın mənalı ömür yolundan və zəngin yaradıcılığından, pedaqoji fəaliyyətindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşdülər.

Bildirilmişdi ki, ömrünü Azərbaycanda professional arfa sənətinin inkişafına həsr etmiş A.Abdullayeva musiqi mədəniyyətimizin tərəqqisində mühüm rol oynayıb. Onun fəaliyyəti sayəsində arfa Azərbaycan musiqi mədəniyyətində geniş yayılıb, tədris müəssisələrində ixtisas fənləri sırasına daxil edilib, istedadlı bəstəkarlarımızın marağına səbəb olub. O, bütöv bir milli arfa məktəbi yaradıb. Tanınmış musiqiçi BMA-da 50-dən artıq peşəkar mütəxəssis yetişdirib. Onun yetirmələri hazırda ölkəmizin hüdudlarından kənarda öz müəllimlərinin ənənələrini layiqincə davam etdiriblər.

Qeyd olunmuşdu ki, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Kseniya Erdelinin yetirməsi olan A.Abdullayeva musiqi sənətində öz yolunu tapa bilib. O, geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə yeni səhifə açıb, arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyib, Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradıb. Diqqətə çatdırılıb ki, dəhşətli repressiya dalğası ondan da yan keçməyib.

Ailəsi ilə birlikdə 1942-ci ilin payızında Qazaxıstana sürgün edilib. Lakin dahi bəstəkarımız Ü.Hacıbəylinin köməyi ilə Bakıya qayıdan A.Abdullayeva həyata inamını itirməyib, ömrünü musiqi sənətinə həsr edib.

Vurğulanmışdı ki, çöhrəsindəki xeyirxah təbəssümü, cəzbedici məlahəti, zövqlə seçilmiş geyimi ilə hamını heyran edən, dövrünün kübar qadınlığının rəmzi olan A.Abdullayeva onu tanıyanların, tələbə və həmkarlarının xatirində öz sənətinin vurğunu, iradəli xanım kimi yaşayır.

Xatırladaq ki, Aida xanım 11 aprel 20090cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.