İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, bütöv bir milli arfa məktəbi yaradıb. Tanınmış musiqiçi Bakı Musiqi Akademiyasında 50-dən artıq peşəkar mütəxəssis yetişdirib. Onun yetirmələri hazırda ölkəmizin hüdudlarından kənarda öz müəllimlərinin ənənələrini layiqincə davam etdiriblər…
Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olub. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdıb.
Opera və Balet Teatrının orkestrində işə qəbul olunub. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilib. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunub və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilib.
1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirib. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayıb.
Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlayıb. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb.
Ömrünü Azərbaycanda professional arfa sənətinin inkişafına həsr etmiş A.Abdullayeva musiqi mədəniyyətimizin tərəqqisində mühüm rol oynayıb. Onun fəaliyyəti sayəsində arfa Azərbaycan musiqi mədəniyyətində geniş yayılıb, tədris müəssisələrində ixtisas fənləri sırasına daxil edilib, istedadlı bəstəkarlarımızın marağına səbəb olub.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Kseniya Erdelinin yetirməsi olan A.Abdullayeva musiqi sənətində öz yolunu tapa bilib.
O, geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə yeni səhifə açıb, arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyib, Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradıb.
Dəhşətli repressiya dalğası ondan da yan keçməyib. Ailəsi ilə birlikdə 1942-ci ilin payızında Qazaxıstana sürgün edilib. Lakin dahi bəstəkarımız Ü.Hacıbəylinin köməyi ilə Bakıya qayıdan A.Abdullayeva həyata inamını itirməyib, ömrünü musiqi sənətinə həsr edib.
Çöhrəsindəki xeyirxah təbəssümü, cəzbedici məlahəti, zövqlə seçilmiş geyimi ilə hamını heyran edən, dövrünün kübar qadınlığının rəmzi olan A.Abdullayeva onu tanıyanların, tələbə və həmkarlarının xatirində öz sənətinin vurğunu, iradəli xanım kimi yaşayır.
O, 11 aprel 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


