Muğam ənənələrinə söykənən məşhur operaların müəllifi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Görkəmlibəstəkarımızınbugünanım günüdür. Onun operaları, mahnıları çox məşhurdur. Musiqi xəzinəmizdə onun ərsəyə gətirdiyi ləl-cavahirat az deyil...

 

Azərbaycan SSR xalq artisti Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib.

 Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var.

Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.

 

Simfonik əsərləri

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.

 

Operaları

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.

"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

 

Mahnıları

Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

 

Azərbaycan Milli Konservatoriyasının kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva qeyd edir ki, bəstəkarın 1950-ci illərin sonunda yaratdığı "Azad" operası XX əsrin ortalarında Cənubi Azərbaycanda baş verən hadisələrə, xalqın azadlığı uğrunda mübarizəsi mövzuna həsr olunub və Hüseyn Hüseynzadənin librettosu əsasında yazılıb. Burada Mirzə İbrahimovun "Azad qız" dramının və "Gələcək gün" romanının motivlərindən istifadə edilib. Operada aparıcı rol oynayan xalqın obrazı bəstəkar tərəfindən məşhur xor nömrələrinin təqdimatında təsvir olunur.

Onların mərkəzində, musiqi tariximizə ilk muğam tipli, muğama əsaslanan "Çahargah" xoru durur. Bu xor Cahangir Cahangirovun, nəinki bəstəkarlıq ustalığının, eyni zamanda, milli təfəkkürü, daxildən gələn xalq musiqi ruhunu nümayiş etdirmək bacarığının bariz nümunəsidir. "Azad" operası ilə C.Cahangirov Azərbaycan opera sənətində "nikbin-faciə" janrını təsdiq etmiş oldu.

Cahangir Cahangirovun bu sahədə ikinci uğuru "Xanəndənin taleyi" operasıdır. Bəstəkarın xalq musiqisinə, muğamlara olan məhəbbəti və XX əsrin əvvəllərinin məşhur muğam ifaçısının - bakılı xanəndə Seyid Mirbabayevin faciəvi taleyi onda bu operanı yazmaq fikrini oyadıb. Əsər 1979-cu ildə tamaşaya qoyulub, əsas rolları Baba Mirzəyev və Gülnarə Əhmədova ifa edib.

 Libretto müəllifi Kərim Kərimov 1964-cü ildə "Bakı" qəzetində çap olunan "Restorandakı qoca" hekayəsinə əsaslanıb. "Xanəndənin taleyi" operasında C.Cahangirov klassik opera janrının, Üzeyir Hacıbəyli ənənəsinin, müzikl və müasir musiqili teatr xüsusiyyətləri ilə sintezinə nail olub. Operanın baş qəhrəmanı xanəndə olduğu üçün bəstəkar onun partiyasını məhz muğam ifaçısına tapşırıb.

Beləliklə, muğam ənənəsi bu operada bir daha inkişaf etdirilib. Lakin Ü.Hacıbəyli tərəfindən təməli qoyulan muğam operalarından fərqli olaraq, bu operada muğam parçasından yalnız bir dəfə - əsərin epiloqunda istifadə edilib. Operanın bütün digər nömrələrində bəstəkar muğam intonasiyalarından, muğamın xarakterik inkişaf vasitələrindən geniş istifadə edərək, özünün muğamvari musiqi nümunəsini yaradır

Əsərin daha bir maraq doğuran cəhəti ondadır ki, məzmuna uyğun olaraq bəstəkar Amerika caz ifaçılarının, Avropa estrada musiqisinin səslənməsindən istifadə edib. Cahangir Cahangirov yaradıcılığında vokal-instrumental əsərlərə və kütləvi mahnı janrına xüsusi yer verilib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibəti ilə bəstəkar "Füzuli" kantatasını bəstələyir.

Əsərdə Füzulinin "Söz", "Ney kimi", "Məni candan usandırdı", "Ol pərivəş..." qəzəllərindən, "Leyli və Məcnun" poemasının bir hissəsindən və Rəsul Rzanın Füzuliyə həsr olunmuş şeirindən istifadə olunub.

C.Cahangirov kantata janrına 1973-cü ildə yenidən müraciət edərək İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş "Nəsimi" kantatasını bəstələyib. Kantatanın finalı Nəsimi haqqında himn kimi səslənir. Bəstəkarın vokal-instrumental musiqi yaradıcılığı onun "Sabir" və "Hüseyn Cavid"  oratoriyaları ilə də təmsil olunur. Hər iki əsərdə dahi şəxsiyyətlərin obrazları hərtərəfli şəkildə əks etdirilib.

Çoxşaxəli yaradıcı şəxsiyyət olan Cahangir Cahangirov dram tamaşalarına və kinofilmlərə də misilsiz musiqilər bəstələyib. Onun məşhur rejissor Hüseyn Seyidzadə ilə işbirliyi üç filmin çəkilişi ilə bağlıdır. Bunlar "Koroğlu" (1960), "Yenilməz batalyon" (1963) və "Dəli kür" (1969)  filmləridir. Burada C.Cahangirovun musiqisi ilə kinokadrlarının professionallıqla üst-üstə düşməsi kino musiqisinin inkişafının yüksək mərhələsi kimi qəbul olunur.

 Qeyd etmək lazımdır ki, hər bir filmdən gözəl və məşhur mahnı nümunələri indi də çox sevilir və ifa olunur. C.Cahangirovun Ə.Məmmədxanlının "Od içində" (1950-ci illər), N.Xəzrinin "Sən yanmasan" (1974) və "Mirzə Şəfi" (1982), H.Cavidin "Xəyyam" (1970), Ə.Əylislinin "Quşu uçan budaqlar" (1978), C.Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinin tamaşalarına yazdığı musiqilər yüksək yaradıcılıq nümunələridir.

 

Filmoqrafiya

1. Arazın sahillərində

2. Bahar rəqsləri

3. Bəstəkar Cahangir Cahangirov

4. Bəxtiyar Vahabzadə

5. Dağlarda döyüş

6. Dəli Kür

7. Evlənmək istəyirəm

8. Gədəbəyin sərvəti

9. Koroğlu

10. Mahnı qanadlarında

 

Mükafatları

- Stalin mükafatı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)

 

Böyük bəstəkar 1992-ci ilin 25 martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.