Əvəzolunmaz melodiyaların unudulmayan müəllifi - Ağabacı Rzayeva Featured

Aygün Bayramlı, “Ədəbiyyat və İncəsənət

 

Azərbaycan musiqi tarixində ilk qadın bəstəkar kimi tanınan Ağabacı Rzayeva yaradıcılığı boyu xalqın ruhuna yaxın melodiyalar yaratmışdır. Üzeyir Hacıbəylinin tələbəsi olaraq, milli melodik xətti ustalıqla qoruyub saxlamış, muğamlarımızın incəliklərini dərindən bilən bəstəkar olmuşdur. Tarzən Mirzə Fərəcin ilk qız nəvəsi olaraq, həm də tar ifaçılığında özünü göstərmişdir.

 

Ağabacı Rzayeva yalnız musiqini deyil, uşaqların dünyasını da yaxşı bilirdi. Buna görə də onun uşaq üçün yazdığı mahnılar həm sadə, həm də qəlbə toxunan melodiyalardan ibarət olmuşdur. Belə musiqi nümunələrini yaratmaq üçün əlbəttə ki, uşaq psixologiyasını da bilmək vacibdir. O, uşaqların dilində yazan bəstəkar idi. Təxminən 60 uşaq mahnısının müəllifi olan bəstəkarın əsərləri uzun illər boyu sevilmiş, dillər əzbərinə çevrilmişdir.

Onun yaradıcılığının ən tanınmış nümunələrindən biri də “Evimizə gəlin gəlir” mahnısıdır. Segahın əvəzsiz ahəngi altında yaranan bu əsər xalqın toy adət-ənənələrini, sevincini və milli ruhunu əks etdirir. İki yaxın rəfiqə olan Mirvarid Dilbazi və Ağabacı Rzayevanın qələmi ilə yaranan mahnı illərdir hər toy mərasiminin sevimli, arzuolunan musiqisi olmuşdur. Biz bu gün də demək olar ki, bütün toylarda bu mahnını eşidirik. Əsl sənət illər keçsə, yenə yaddan çıxmır, unudulmur və hətta hər dinləndikcə ilk eşitdiyimiz gün kimi təzə, doğma gəlir insana. Çünki, o, xalqın ən zərif duyğuıarını nəğməyə çevirməyi bacarmışdır. Elə Buna görə də Ağabacı Rzayeva milli ruhumuzun bəstəkarıdır.

Özü heç vaxt ailə qurmasa da, ana olmasa da, Ağabacı Rzayeva tarixə düşən toy mahnılarını və unudulmaz uşaq melodiyalarını yaratdı. Bütün bunlar bir insan qəlbinin mənəvi zənginliyindən, dərinliyindən irəli gələn məqamlardır. Onun əsərləri öz dövrünün çətinliklərinə, təzyiqlərinə baxmayaraq milyonlarla qəlbə yol tapmış və musiqi dünyasında əvəzolunmaz yerini tutmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.